Putin: Qarabağ problemi nizamlanmasa, Ermənistan inkişaf edə bilməz

Zərdüşt Əlizadə: ”Putin nağıl danışır”

Source:


Zərdüşt Əlizadə: ”Putin nağıl danışır”

“Rusiya Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında maraqlıdır. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Yerevan və Bakı ilə birbaşa əlaqələr vasitəsilə “Qarabağ düyünü”nün açılmasına hər cür yardım göstərməyi davam etdirəcəyik. Ümid edirik ki, Ermənistan və Azərbaycan qalib və məğlublar olmadan kompromisə nail ola biləcək”.

Turan informasiya agentliyi yazır ki, bu haqda Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Ermənistan prezidenti ilə danışıqlardan sonra mətbuat konfransında bildirib.

Sarkisyan Putinin Əliyev, Ruhani və Ərdoğanla görüşünü nəzərdə tutaraq deyib ki, “son həftə Rusiya prezidentinin intensiv xarici əlaqələri” Yerevanda diqqətlə izlənilib.

“Mən bu görüşlərin gedişi haqda məlumata görə Rusiya prezidentinə təşəkkür edirəm və əminəm ki, Ermənistan regionda Rusiyanın rolunun canlanmasından ancaq qazana bilər”, – Sarkisyan deyib.

Qarabağ məsələsinə toxunan Sarkisyan “hərbi əməliyyatların dayandırılması haqda 1994-1995-ci illərin üçtərəfli müddətsiz sazişinin yerinə yetirilməsinin, insidentlərin araşdırılması mexanizminin yaradılmasının, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsinin vacibliyini təkrarlayıb.

Sarkisyan “sülh prosesinə verdiyi böyük şəxsi töhvəsinə görə” Putinə təşəkkür edib.

Sonra Ermənistan növbəti dəfə işarə edib ki, o, Azərbaycanın tərkibində Dağlıq Qarabağın muxtariyyət məsələsinin həllini qəbul etmir.

“Qarabağ probleminin mahiyyəti Qarabağ xalqının öz müqəddəratını təyinetmə mübarizəsidir. Bu, problemin həllində bütün xalqların ayrılmaz hüququdur. Bu gün Rusiya prezidenti ilə məhz bu barədə ətraflı söhbət etdik”, – deyə o, bildirib.

Brifinq zamanı erməni jurnalist Putinə sual verub: Bu, doğrudurmu ki, Sankt-Peterburqda üçtərəfli görüşdə erməni tərəfi Dağlıq Qarabağ ətrafında beş rayonu, sonra isə daha üç rayonu qaytarmağa razı olub?

Sonra həmin jurnalist soruşub: Azərbaycan tərəfinin böyük sayda silah aldığı, Ermənistana isə Rusiya silahlarının göndərişinin “axsadığı” bir şəraitdə növbəti gərginlik üçün zəmin yaranmırmı?

Putin rayonların qaytarılması barədə məlumatı şərh etməkdən imtina edərək həmin bəyanatın müəllifinə müraciət etməyi tövsiyə edib.

Lakin o, işarə edib ki, KİV-ə bu mövzunun sızdırılması “sorğunu formalaşdırmaq” məqsədi daşıyır və bunda qeyri-adi heç nə yoxdur, bu, adi praktikadır.

“Ermənistan vəziyyətdən çıxış yolu axtarır və “iqtisadiyyatın inkişafı və insanların daha da yaxşı yaşamasından ötrü bütün infrastruktur, iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasında maraqlıdır. Azərbaycan tərəfi də buna can atır. Amma elə yanaşmalar və sxemlər tapmaq lazımdır ki, heç kim özünü nə qalib, nə də məğlub hiss etsin, Azərbaycan və Ermənistan liderlərinin bu qərarı hər iki ölkənin cəmiyyəti tərəfindən qəbul edilsin”, – deyə Putin bildirib.

İkinci sualı cavablandıran Rusiya prezidenti deyib ki, Rusiya Ermənistan qarşısındakı öhdəliklərindən imtina etmir.

Lakin müasir silah bazarında istənilən ölkə istənilən silahı ala bilər.

Azərbaycan böyük həcmdə qızıl -valyuta ehtiyatlarına malik ölkədir və istədiyi yerdən silah ala bilər.

“Başa düşürsünüzmü, istədiyi yerdən”, – Putin vurğulayıb.

Rusiya və Ermənistan prezidentlərinin görüşünü və keçirilən brifinqdə söylənilənləri Meydan TV-yə şərh edən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rusiya və Qərb amili olmasaydı, Qarabağ münaqişəsi də yaranmayacaqdı: “”Arxalı köpək qurd basar” məsəli var, erməniləri bu xəyali məqsədlərə Rusiya və SSRİ-ni dağıtmaq istəyən yönəltdi. Qərbin məqsədi SSRİ-ni dağıtmaq idisə, Rusiya Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün bu cür münaqişə mexanizmini yaratdı. Ermənistanla Azərbaycanın münaqişədə rolları isə müstəqil yox, yardımçı idi. Böyük geosiyasi oyunda Kremlin məqsədi Cənubi Qafqazdakı hegemon rolunu saxlamaq olub. Zaman keçsə də, istəyinə nail olub, hər iki respublikaya rəhbərlik edənlər Moskvanın qarşısında diz üstədirlər. Hətta, kadr məsələlərini Kremlin icazəsi olmadan həll edə bilmirlər”.

Zərdüşt Əlizadə

Siyasi şərhçi hesab edir ki, Rusiyanın Cənubi Qafqaza münasibəti yalnız bu ölkənin demokratikləşməsi və imperiya siyasətindən imtina etməsi nəticəsində dəyişəcək: “Hələ ki, bunlar görünümür. Belə bir dövlət münaqişənin ədalətli həllini istəməz. Düzdür, əvvəlki format işləmir, mahiyyəti saxlamaqla başqa nağıl danışacaqlar. Məqsəd Rusiyanın münaqişəni nəzarətdə saxlamaq imkanlarını gücləndirməkdir”.

Z.Əlizadə Putinin söylədiklərini nağıl hesab etdiyini dedi: “O, erməni xalqına açıq deyə bilməz ki, sizin nökərliyinizi Qarabağ nağılı vasitəsilə saxlayırıq və nökər qalmağınız üçün nağıla başqa əlavələr ediləcək. Ermənilər elə bilir ki, Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstəriblər, daha anlamırlar ki, son 25 ildə baş verənlər Rusiya Baş Qərargahının və Kəşfiyyat İdarəsinin planı olub. Beynəlxalq konfranslarda bu barədə özlərinə də demişəm. Moskvanın dəstəyi olmasaydı, Azərbaycanın bir qarış torpağını da ala bilməzdilər. Bu gedişatın arxasında geosiyasi oyunlar, sərvət toplamaq istəyən Köçəryanların, Sarkisyanların, Babayanların niyyətləri də vardı və erməni xalqı yenə əvvəlki nağılın əsiridir”.

Ana səhifəXəbərlərPutin: Qarabağ problemi nizamlanmasa, Ermənistan inkişaf edə bilməz