Onların əmlakının müsadirə olunması da qanunda əksini tapıb
Prezident Vladimir Putin Rusiya ordusu barədə saxta məlumatlar yayanların əmlakının müsadirə edilməsi haqqında qanunu imzalayıb.
Rusiya Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ordu və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş ictimai çağırış edənlərin və ya yalan məlumat yayanların əmlakları müsadirə olunacaq.
Sənəddən belə anlaşılır ki, Rusiya Silahlı Qüvvələri və onların səlahiyyətlərinin dövlət orqanları tərəfindən icrası ilə bağlı qəsdən yalan məlumatların ictimaiyyətə yayılmasına, habelə dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə açıq çağırışlara görə məsuliyyətə cəlb olunanların bütün pulları, qiymətli əşyaları və ya digər əmlaklarının hamısı müsadirə edilməyəcək.
Yalnız cinayət törətmək nəticəsində əldə edilmiş və ya Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyət üçün istifadə edilmiş əşyaları müsadirə olunacaq.
Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyət dedikdə soyqırım, fərarilik, əmrləri yerinə yetirməmək, rüşvət almaq və ya vermək, banditizm kimi hallar nəzərdə tutulur.
Qanuna edilən digər dəyişikliyə əsasən, məhkum olunanlar xüsusi, hərbi və ya fəxri adlardan, sinif rütbələrindən və dövlət mükafatlarından məhrum ediləcəklər.
Ordu haqqında bilərəkdən yalan məlumat yayaraq gözdən salanlar, ekstremist fəaliyyətə ictimai çağırış edənlər, ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərə ictimai çağırışlar edənlər, Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların və ya xarici dövlət orqanlarının qərarlarının icrasına kömək göstərənlər ad və mükafatlardan məhrum ediləcəklər.
Qanun rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir.
Rusiya Cinayət Məcəlləsinə dəyişiklik 2024-cü il yanvarın 22-də Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi deputatlar qrupu tərəfindən təqdim edilib və yanvarın 31-də ikinci oxunuşda qəbul olunub.
“Ölkəmiz və vətəndaşlarımız bu insanların rahat yaşaması, fəxri adlar, mükafatlar, mülklər alması üçün hər şeyi edib. Onlar isə bu vəsaitdən, əmlakdan vətənə xəyanət, əsgər və zabitlərə şər-böhtan atmaq üçün istifadə edirlər. Bu, bütün ölkələrdə olur və satqınlarla daha sərt davranırlar. Bizdə isə ikinci və ya üçüncü vətəndaşlıq alırlar. Eyni zamanda da, gəlir mənbələrindən ölkəmizə ziyan və zərbə vurmaq üçün istifadə edirlər”, – Vyaçeslav Volodin bildirmişdi.