Nikol Paşinyan və Vladimir Putinin 7 aprel Moskva görüşü

Mənbə: tass.ru

Başlıq: Nikol Paşinyan və Vladimir Putinin 7 aprel Moskva görüşü

“Putin Paşinyandan mümkün olanı alandan sonra...”

Məqalə yeniləndi:  8 Aprel 2021

Rauf Mirqədirov: “Amma unudurlar ki, Rusiya Azərbaycanın xeyrinə güzəştlərə gedirsə, onun əvəzini tələb edir”

Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 7-də baş tutan Moskva səfərinin nəticələrindən ümumilikdə razı qaldığını bildirib.

Bu barədə Ermənistan mediası Baş nazirə istinadən məlumat yayıb.

“Əlbəttə, Rusiya prezidenti ilə çox açıq münasibətlər quruldu, xüsusən son aylarda münasibətlər birbaşa, heç bir vasitəçi olmadan keçdi. Bu gün ikitərəfli görüşdə gündəliyimizdəki bütün məsələləri müzakirə etdik, regional və beynəlxalq əlaqələrə toxunduq”.

Rusiya dövlət başçısı isə “Dağlıq Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problem olaraq qalır”, -deyə Paşinyanla görüşdə söyləyib.

Ermənistan Baş nazirinin Rusiya səfərini Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, qonşu ölkədə hakimiyyətdə kimin qalacağı, yaxud hansı qüvvənin gələcəyi məhz Putindən asılıdır:

“Putin istədiyi zaman Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilər. Ona görə də seçkiöncəsi həm Paşinyanın, həm də sabiq prezident Köçəryanın Moskva səfərləri tamamilə anlaşılandır”.

Ancaq Rauf Mirqədirov Ermənistanda indiki gərgin şəraitdə demokratik seçkilərin keçirilməsini qeyri-mümkün sayır və bu mənada hər iki tərəfin Moskvaya Putinin hüzuruna getdiyini vurğulayır:

“Yəni tərəflər Rusiya dövlət başçısından müəyyən dəstək qazanmaq istəyirlər. Əvvəla, Nikol Paşinyanın bir problemi də var, söhbət heç də hakimiyyətdən getmir, o, özünün iqtidardan gedəcəyi təqdirdə təhlükəsizliyinə təminat istəyir. Ona görə o, hər şey edəcək ki, hakimiyyətdə qalsın. Məsələ ondadır ki, Paşinyan hakimiyyəti dövründə yalnız İkinci Qarabağ savaşında məğlub olmadı, o, həm də siyasi-iqtisadi rəqiblərini, “Qarabağ klanı”nı məhv etməyə çalışsa da, bunu tam gerçəkləşdirə bilmədi. Yəni burda söhbət qisasdan gedir, o, qisasdan canını qurtarmaq istəyir və ona görə Rusiyadan təminat almaq niyyətindədir. Bu baxımdan Putin Paşinyandan mümkün olanı alandan sonra onu devirib, istədiyi adamı hakimiyyətə gətirəcək. Putin niyyətini gözlənilən seçkilərdə və ondan sonra da gerçəkləşdirə bilər. Biz Paşinyanın Putinin adamı olmadığını söyləyəndə, Köçəryanla şəxsi münasibətlərini qabartmamalıyıq. Paşinyan ona görə etimadlı deyil ki, nəticə etibarilə “rəngli inqilab”ın sayəsində hakimiyyətə gəlib. Putin “rəngli inqilab”lar hesabına hakimiyyətə gələnləri ictimaiyyətin gözü önündə cəzalandırmaq istəyir”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: Facebook

Rauf Mirqədirovun sözlərinə görə, Azərbaycan üçün ən optimal variant Paşinyanın hakimiyyətdə qalıb-qalmamasından daha çox Ermənistanda nisbətən sabit hakimiyyətin olmasıdır:

“Azərbaycanda bəziləri düşünür ki, Putinlə danışıb nəsə etmək olar. Amma unudurlar ki hər şeyin əvəzi var, əgər Rusiya Azərbaycanın xeyrinə güzəştlərə gedirsə, onun əvəzini tələb edir. Rusların bir sözü var: “havayı pendir ancaq tələdə olur”. Moskva həmişə siyasətində buna sadiqdir. Baxın, “bizdən nəyi tələb edəcəklər və biz verməsək, nələr olacaq” sualı açıqdır. Bu baxımdan Ermənistanda qeyri-sabit hakimiyyət istənilən fitnəkarlığa gedəcək ki, iqtidarda qalsın. Ona görə sabit hakimiyyət daha proqnozlaşdırılandır”.

Politoloq Əhməd Əlili 7 aprel görüşünə Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryanın Rusiya səfəri barədə məlumatlara və jurnalist Poznerə müsahibəsi kontekstində baxmağın tərəfdarıdır. Ancaq Əhməd Əlili Robert Köçəryanın Moskvaya getməsinə inanmır:

“Əvvəla, Köçəryanın həmin vaxt üzərində məhkəmə prosesi olduğundan ölkədən çıxışı problemliydi. İkinci, Rusiya dövlət başçısının mətbuat katibi Peskov dedi ki, Putinlə Köçəryan telefonla danışıblar. Üçüncü, həmin ərəfədə Pozner Gürcüstandan çıxarılmışdı və müsahibə Yerevanda da çəkilə bilərdi. Bu amillərə görə mənim Köçəryanın Moskvaya getməsini təsdiqləyən məlumatım yoxdur. Həmin müsahibəylə Ermənistanda belə fikir yaradılmalıydı ki, Köçəryan hələ də Putinin adamıdır, xüsusi münasibətləri var. Və sabiq prezident Putinin komandasına Paşinyandan bir addım yaxındır. Nəhayət, Köçəryan müsahibədə savaş haqqında düşünmədiyini “ağlı başında olan adam bu gün revanşizm barədə düşünməz” deyə sözləriylə təsdiqlədi. Əslində, Köçəryanın Poznerə müsahibəsi seçkiöncəsi bir addım idi”.

Əhməd Əlili

Əhməd Əlili

Mənbə: Facebook

Əhməd Əlili Nikol Paşinyanın Rusiya səfərini şərh edərkən deyib ki, son zamanlar Rusiya-Azərbaycan-Ermənistan münasibətlərində bir qədər səngimə və müəyyın neqativlik var. O, “İsgəndər” raketləri ətrafında gedən mübahisələri də qeyd edərək bildirib ki, Paşinyan seçkiyə qədər 10 noyabr razılaşmasını yubatmaq istəyir:

“Bu kontekstdə Paşinyan Moskvayla münasibətlərdə yeni elementlər əldə etməyə çalışır, ona görə Putinlə danışıqda yeni atom elektrik stansiyasının tikintisini önə çəkdi. Düzdür, Ermənistanda elə bir stansiya var, amma mövcud texniki parametrləri stansiyanın fəaliyyətinin daha uzunömürlü olmasına imkan vermir. İkinci, Baş nazir Putinlə görüşdə peyvəndlə bağlı məsələni qaldırdı və hələ bu gündən peyvəndlənməyə başlayacaqlarını söylədi. Bununla o, dəhliz və digər məsələlərin unudulub Ermənistanın problemlərinin önə çəkilməsinə çalışdı. Bütün hallarda görüşün nəticəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq Paşinyan Ermənistan cəmiyyətinə mesaj verməliydi ki, Moskvanın adamı Robert Köçəryan yox, odur, çünki bütün məsələlərdə razılığa gələ bildilər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/50o1h2

Ən çox baxılan