“Şaiyələrsiz darıxdırıcı olur”. V.Putin
2000-ci il sentyabrın 20-də səhər Rusiya prezidenti Vladimir Putin Amerikanın Klivlend şəhərindəki klinikada yatan Azərbaycan prezidenti Heydər Əliyevə zəng edib, onun səhhəti ilə maraqlanmışdı. Həmin vaxt Moskvadakı diplomatik mənbələr “Turan” İnformasiya Agentliyinə söhbətin 15 dəqiqə sürdüyünü və tərəflərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdiklərini bildirmişdilər.
Putinin yoxlama xarakterli zəngi KİV-də Azərbaycan prezidentinin ölümcül vəziyyətdə olması və hətta gazeta.ru-nun o vaxt yaydığı məlumata görə, öldüyü haqqında şaiyələr yayılmağa başladıqdan sonra baş tutub.
Həmin günlərin hadisələri bu yaxınlarda elə prezident Putinin özünün bir həftə ərzində informasiya sahəsindən yox olması ilə bağlı baş verənlərə bənzəyir. Şaiyələr ölümcül xəstəlik və ətrafdakı narazı insanların Kremldə çevriliş etməsi versiyaları yaradıb.
Keçmişə nəzər salsaq, KQB polkovnikinin hazırki məntiqini və onun yoxa çıxmasının səbəblərini müəyyən dərəcədə hesablamaq olar. KQB generalı Heydər Əliyev 12 sentyabr 2000-ci il tarixində təxminən bir il əvvəl həyata keçirilmiş damar şuntlamasından sonra yoxlama müayinəsi üçün Klivlendə gedib. Yayın ortalarından artıq KİV-də patriarxın səhhətində problemlər haqqında şaiyələr sızmışdı.
Klivlenddə planlı yoxlama uzun çəkib və onun səhhəti haqqında həm özünü yaxşı hiss etməsi, həm də qrip, pnevmaniya xəstəliklərinə yaxalanması haqqında ziddiyyətli məlumatlar daxil olmağa başladı. Amma o günlər ən mühüm intriqa ondan ibarət idi ki, Bakıda yüksək dairələr Əliyevin komaya düşdüyü haqqında məlumat alan kimi yanlış start götürdülər. Yüksək məmurlar hökumət bağ evində yığışaraq, hakimiyyətlə bağlı növbəti addımları müzakirə etdilər. Görünür, təsadüfi deyil ki, dövlət başçısının əsas varisi İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi Avstraliyada yay olimpiyadasında idi.
Sentyabrın 30-da Bakıya qayıtdıqdan sonra Heydər Əliyev hökumət müşavirəsində hiddətlə başa saldı ki, ətrafındakı insanların pərdəarxası planlarından xəbərdardır. Bu hərəkət həm taktiki, həm də strateji cəhətdən oğlunun sonradan nisbətən asan hakimiyyətə gəlməsini təmin edib. İkinci dəfə Heydər Əliyev 2002-ci ilin fevralında yenə Klivlenddə “göz”dən uzaqlaşmqla, buna bənzər intriqa yaratdı. Üçüncü dəfə isə 2003-cü ilin yay-payızında Azərbaycanda oktyabrın 15-də İlham Əliyevin prezident kürsüsünə gəlməsini təmin edən prezident seçkiləri kampaniyası zamanı “Klivlend taktikasını” tətbiq etdi. Ata-prezidentin vəfatı haqqında etibarsız ətrafı yalnız dekabrda xəbər tutub.
Ötən həftə Putin ikinci dəfə özü ilə bağlı informasiya boşluğu yaratdı, birinci dəfə bu metodu 2012-ci ilin oktyabrında tətbiq etmişdi. Həmin vaxt sonradan səslənən versiyaya görə, o, kürəyində travmadan müalicə alırdı.
Jurnalistlərin, siyasətçilərin, analitiklərin bu dəfəki reaksiyası müxtəlif olub. Rusiya prezidentin yox olmasına maraq böyük idi və bütün cari dünya xəbərlərini kölgədə buraxdı. Qiymətləndirmələr və təhlillər dövlət başçısının ətrafındakı insanların, cəmiyyətin, xarici tərəfdaşların və düşmənlərin münasibətini üzə çıxarmağa imkan verdi. İctimai rəyin belə öyrənilməsi forması Putinin nəyəsə hazırlaşdığını və özünün və ətraf sistemin təhlükəsizliyinin onu narahat etdiyini göstərə bilər. Dərinləşməkdə olan iqtisadi böhran və formal olaraq Ukrayna böhranı ilə əlaqdar yaranmış, artmaqda olan xarici təcrid şəraitində bu, təsadüfi deyil. Heydər Əliyev də özü üçün həlledici olan hakimiyyətin təhvil verilməsi dövründə belə etmişdi.
Turan Analitika Xidməti