Putin Ermənistan-Azərbaycan sərhədindəki toqquşmadan danışdı
Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən hadisələrə münasibət bildirib.
O, Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının iclasında çıxışı zamanı bütün ölkələrin regiondakı vəziyyətin həllində maraqlı olduqlarını söyləyib.
Rusiya Prezidenti bildirib ki, son günlər atəşkəsin pozulmasının bölgədə vəziyyətin sabitləşmədiyinin göstəricisidir.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artır:
“Sabitliyi təmin etmək üçün atəşkəs və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat yaranır”.
Prezident Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, mühüm nəqliyyat dəhlizlərinin açılmasında da Rusiya diplomatiyasının böyük rolunun olduğunu qeyd edib:
“Biz Baş nazirlərin müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaratmışıq. Məncə, orada perspektivlər pis deyil”.
Rusiya lideri postsovet məkanında mehriban qonşuluq və tərəfdaşlıq mühitinin yaradılmasında maraqlı olduğunu deyib.
O, həmçinin bölgədə münaqişələrin sayının artmasından narahat olduğunu dilə gətirib: “Təəssüf ki, dünyada regional münaqişələrin və böhranlı vəziyyətlərin sayı getdikcə artır. Bütün bunlara isə daha çox diqqət və operativ reaksiya tələb olunur”.
Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib.
Nəticədə hər iki tərəfdən itkilər olub.
Azərbaycan tərəfi 7 nəfər hərbçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını, Ermənistan tərəfi isə 1 nəfər hərbçisinin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil.
Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib.
Noyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlarından sonra sərhəddə atəşkəs elan olunub.
2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb. Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.