Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunması müzakirə edilib
Martın 16-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edib.
“President.az”ın məlumatına görə, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə olunub.
Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsinin aparıldığı da qeyd olunub.
Martın 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng etmişdi.
Dövlət başçıları arasında Bakı, Yerevan və Moskva arasında üçtərəfli sazişlərin icrası, eləcə də Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunmuşdu.
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün məlum sazişlərin bütün spektrlərinin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı addımlar nəzərdən keçirilib”, – deyə Kremlin mətbuat xidməti bildirmişdi.
Martın 5-də Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında atışma yaşanıb.
Nəticədə hər iki tərəfdən 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Tərəflə atəşkəsin pozulmasında bir-birlərini günahlandırıblar.
2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.