Putin Belarusa qoşun yeridəcək?

Putin Belarusda seçki ərəfəsində Rusiya vətəndaşlarının, – onlar “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri idi, – saxlanılması ilə bağlı olayı xatırladıb.

Source: https://vestikavkaza.ru/


Rusiyanın Prezidenti Belarusdakı olaylar barədə danışıb

Vladimir Putin Kremlin Belarusun avtoritar lideri Aleksandr Lukaşenkoya hərbi və ya digər hüquq-mühafizə yardımı göstərməyə hazır olduğunu deyib, – “Guardian” xəbər verir.

Vladimir Putin “Rusiya 1” telekanalına müsahibə verib. Müsahibəsində Belarus olaylarına toxunan Putin deyib:

“Aleksandr Qriqoryeviç məndən hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət müəyyən ehtiyat yaratmağı xahiş edib. Və mən bunu etdim. Amma biz razılığa gəldik ki, vəziyyət nəzarətdən çıxmayanadək ondan istifadə edilməyəcək”.

Putin iştirak edənlərin sayı və ya hansı növ hüquq-mühafizə orqanlarının hərəkət keçiriləcəyi barədə heç bir məlumat verməyib. Bu günə qədər Lukaşenko öz çevik polislərindən, eləcə də daxili qoşunların və xüsusi təyinatlı dəstələrin tərkibindən geniş istifadə edib.

Lukaşenko Putinə açıq şəkildə Rusiyanın hərbi müdaxiləsinin mümkünlüyü barədə sual verərək son dövrlərdə hakimiyyətinə qarşı olan etirazları NATO-nun Belarusu devirmək planının bir hissəsi kimi təsvir edib.

Cümə axşamı o, qonşu ölkələri Belarusa qarşı “hibrid müharibə” başlatmaqda günahlandırıb və Polşanın ərazisinin bir hissəsinin ələ keçirməyi planlaşdırdığını iddia edib. Keçən həftə Lukaşenko hərbi qüvvələri Belarusun qərb sərhədlərində tam döyüş hazırlığı vəziyyətinə gətirib.

Putin həmin müsahibədə Belarusdakı vəziyyətlə bağlı daha bir neçə mühüm bəyanat verib:

“Lukaşenko deyib ki, Konstitusiyada islahatlara, yeni Konstitusiya üzrə parlament və prezident seçkiləri ehtimalını yenidən nəzərdən keçirməyə hazırdır”.

“Rusiya Belarusda bütün problemlərin dinc yolla çözülməsinin tərəfdarıdır”.

“Hələ ki Rusiya güc strukturlarının Belarusdakı vəziyyətə müdaxilə etməsinə ehtiyac yoxdur, bundan belə olmayacağına da ümid bəsləyirəm. Moskva da, Minsk də bu fikirlə razıdır”.

“Obyektiv olmaq lazım gəlsə, hesab edirəm ki, Belarusda hüquq-mühafizə orqanları hər şeyə rəğmən özünü kifayət qədər təmkinli aparır. Bəzi ölkələrdə nə baş verdiyinə özünüz baxın”.

“Rusiya (Belarusa münasibətdə) özünü avropalılar və amerikalılardan qat-qat təmkinli aparır və neytral mövqe tutur”.

“Xaricin hökumətin və müxalifətin etdiklərini seçici qiymətləndiməsi onu göstərir ki, ölkədəki proseslərə təsir etmək istəyirlər”.

Putin Belarusda seçki ərəfəsində Rusiya vətəndaşlarının, – onlar “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri idi, – saxlanılması ilə bağlı olayı xatırladıb. Onun sözlərinə görə, Belarus güc strukturlarını buna Ukrayna və ABŞ xüsusi xidmətləri təhrik edib.

Putin həmçinin Rusiyanın yeni COVID-19 vaksinasının Belarusa ixracı məsələsinə də toxunub: “Rusiyanın koronavirusa qarşı vaksinası zərərsizdir. Rusiyanın koronavirusa qarşı iki vaksinası rəqabət aparacaq. Zənnimcə, onlar effektinə görə bərabər olacaq”.

Belarus və Rusiyanın rəhbərləri razılığa gəliblər ki, belaruslar rusiyalılarla bərabər könüllü olaraq Rusiyanın koronavirusa qarşı vaksinasının sınaqdan keçirilməsinin üçüncü mərhələsində iştirak edəcəklər. Belarus yeni vaksinanın ixrac olunacağı ilk ölkədir.

İndiyə qədər Kreml bu iddiaları ciddiyə almasa da, Putin Belarus ilə bir birlik dövlətinin texniki hissəsi olan Rusiyanın vəziyyət dəyişsə, “bütün öhdəliklərini yerinə yetirəcəyini” vurğulayıb.

“Bunu gizlətməyə ehtiyac yoxdur. Xüsusi maddələr var ki, birlik dövlətlərinin üzvləri xarici sərhədlərin və sabitliyin qorunmasında bir-birlərinə kömək etməlidir”,- o deyib.

Çərşənbə axşamı Rusiyanın FSB təhlükəsizlik xidmətindən olan yüksək vəzifəli şəxsləri daşımaq üçün istifadə edilən təyyarə bir həftədə ikinci dəfə Minskə gəlib. Kreml təyyarədə kimin olduğu və ya hansı cür məsləhətləşmələrin aparıldığı barədə məlumatlarının olmadığını qeyd edib.

Polşanın Baş naziri Mateuş Moravetski (Mateuş Morawiecki) Putinin bəyanatını qınayıb.

“Polşa hökuməti Rusiyanı Belarusda hərbi müdaxilə planlarından “nəzarəti bərpa etmək” bəhanəsi ilə dərhal əlçəkməyə çağırır”,- o deyib.

Lukaşenkonun saxtalaşdırılmış seçki qələbəsi ölkə liderinin xalq arasında legitimliyinin itirilməsinə səbəb olub. Hakimiyyətin tranzisiyası ilə bağlı danışıqlara başlamağı hədəfləyən müxalifət şurası yaradılsa da, rəsmilər müxalifətin bu addımına qarşı cinayət işi açıb. Bu həftə Nobel mükafatlı müəllif Svetlana Aleksieviç də daxil olmaqla bir neçə müxalif rəhbəri sorğuya çəkilib.

Ana səhifəDünyaPutin Belarusa qoşun yeridəcək?