Putin-Bayden görüşündə nələr müzakirə olunub?

“Ancaq səfirlərin qayıdışından sonra müəyyən qrupların arasında hansısa danışıqlar başlasa da, başqa sahələrdə real addımların atılacağı inandırıcı deyil”.

Source: Reuters


Rauf Mirqədirov: "Səfirlərin qayıtması görünməmiş hadisə olacaq"

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin iyunun 16-da İsveçrənin paytaxtı Cenevrədə baş tutan görüşü 3.5 saat davam edib.

V.Putin görüşdən öncə deyib ki, ABŞ-Rusiya münasibətlərində problemlər var. Lakin o, görüşün məhsuldar keçəcəyinə ümid etdiyini açıqlayıb: "ABŞ və Rusiya münasibətlərində ən yüksək səviyyəli görüşü tələb edən bir çox problemlər var".

C.Bayden isə Putinin fikirlərinə belə cavab verib: "Üz-üzə görüşmək hər zaman daha yaxşıdır".

Görüşdə Baydeni Dövlət katibi Antoni Blinken, Putini isə Xarici İşlər naziri Sergey Lavrov müşayiət edib.

“Amerikanın səsi” yazır ki, Baydenin İsveçrəyə uçuşu zamanı Ağ evin yüksək rəsmilərindən biri "Air Force One" təyyarəsində mediaya nümayəndələri ilə brifinq keçirib. O deyib ki, görüşdən yüksək nəticə gözləmir: "Bu görüşdən böyük bir nəticənin əldə ediləcəyini gözləmirik".

Görüşdən sonra keçirdiyi mətbuat konfransında Putin həmkarıyla görüşü "konstruktiv" hesab edib.

O, ABŞ-la heç bir düşmənçiliyin olmadığını deyərək Baydeni "konstruktiv bir şəxs, balanslı və təcrübəli siyasətçi" adlandırıb.

Rusiya prezidenti gərginliyi azaltmaq üçün Baydenlə səfirlərini vəzifələrinə qaytarmaq barədə razılığa gəldiklərini deyib.

ABŞ səfiri Con Sallivan və Rusiya səfiri Anatoli Antonov bu ilin əvvəlində ABŞ-Rusiya münasibətlərinin pisləşməsi fonunda geri çağırılmışdılar. Onların hər ikisi də görüşün P+5 hissəsinə qatılıb.

Putin hər iki tərəfin də strateji sabitlik və kiber təhlükəsizlik mövzusunda məsləhətləşmələrə başlayacağını deyərək nüvə gücləri kimi ABŞ və Rusiyanın münasibətləri qorumaq üçün xüsusi məsuliyyət daşıdığını qeyd edib.

Putin Baydenlə müxalifətçi Navalnı və Ukraynanın NATO-ya üzvlüyü barədə də danışdıqlarını bildirib: “Bu şəxs Rusiyanın qanunlarını pozduğunu bilirdi. İki dəfə mühakimə olundu”.

Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, o, belə deyib: "Mən orada müzakirə ediləcək bir şey görmədim".

Co Bayden isə qeyd edib ki, görüşün məqsədlərindən biri Putinə ABŞ-ın siyasətinin Rusiyanın əleyhinə yönəlmədiyini bəyan etmək olub.

O, Putinlə görüşün müsbət tonda keçdiyini və tərəflərin fikir ayrılıqlarını müzakirə etdiyini bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, müzakirə mövzularından biri insan haqları olub.

O bildirib ki, ABŞ-ın Aleksey Navalnının aqibəti kimi məsələləri qaldırmaqda qətiyyətlidir: “Rusiyada amerikalı Pol Uilan və Trevor Ridin saxlanılması məsələsinə də toxunub. Əgər Putin istəyirsə, Amerikanın biznes icması Rusiyaya investisiya etsin, o zaman saxlanılan amerikalıları sərbəst buraxsın”.

“Putinin istəyəcəyi ən son şey “soyuq müharibədir”, – Bayden belə deyib.

Bayden hesab edir ki, Rusiyanın əlində demokratiyaya keçid etmək imkanı olsa da, cəhdləri uğursuz olub: "Rusiya liderinin əməlləri Moskvanın dünya səhnəsindəki mövqeyini zəiflədir".

Jurnalistlərin Cenevrədəki görüşdən sonra Vladimir Putinə etibar edib-etmədiyinə dair sualına Bayden belə cavab verib: “Bilirsiniz, məsələ etibarda deyil. Məsələ xeyirdə və onun təsdiqindədir. Köhnə atalar sözündə deyildiyi kimi, pudinqin necə olduğunu anlamaq üçün, onun dadına baxmaq lazımdır. Yaxında öyrənərik”.

Jurnalist mühacir Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi şərhçi Rauf Mirqədirov düşünür ki, Putin-Bayden görüşünün real nəticəsi səfirlərin qayıtması ola bilər. O, səfirlərin qayıtmasını tarixdə görünməmiş hadisə sayır: "Hətta "Soyuq müharibə", "Karib böhranı" zamanı bu cür hadisələr olmamışdı, səfirlər yerlərində qalırdı. Ancaq səfirlərin qayıdışından sonra müəyyən qrupların arasında hansısa danışıqlar başlasa da, başqa sahələrdə real addımların atılacağı inandırıcı deyil. Yalnız müəyyən zaman sonra kütləvi qırğın silahlarının məhdudlaşdırılması istiqamətində addımlar atıla bilər, amma qısa və orta perspektivdə ciddi nəticələr gözləmirəm. Bu, həm Rusiya, həm də ABŞ-dakı siyasi vəziyyətlə bağlıdır. Payızda Rusiyada Duma seçkiləri keçiriləcək. İkincisi, Putin rus ictimai fikrində Rusiya torpaqlarının birləşdiricisi kimi qəbul olunur. O, bu ritorikadan və xarici təcavüz siyasətindən imtina edə bilməz. Ona görə postsovet məkanındakı regional problemlərin həllində ciddi addımların atılması inandırıcı deyil. Hətta iki lider dedi ki, bu barədə "qırmızı xətləri"ni xatırladıblar".

"ABŞ-da demokratlara yaxın mətbuat Baydeni Rusiyaya qarşı "yumşaq siyasət"də ittiham edir, hətta Bayden görüşdən sonra medianın ünvanına "Başa düşmürsünüz nə baş verir?" ittihamlarını səsləndirdi. Bu da onun göstəricisidir ki, Bayden sağa-sola bir addım atarsa, Konqresdə, Senatda çox ciddi müqavimətlə qarşılaşacaq. Məsələ ondadır ki, ABŞ isteblişmentində Rusiya münasibətdə ciddi fərq yoxdur. Demək olar ki, respublikaçılarla demokratlar arasında tam konsensus var", – Mirqədirov belə deyir.

Ana səhifəDünyaPutin-Bayden görüşündə nələr müzakirə olunub?