Sakinlər deyir, bir neçə il əvvəl meydançanın yaxınlığında idman kompleksinin tikintisinə başlanılsa da, yarımçıq qalıb

Mənbə: Meydan TV

Başlıq: Sakinlər deyir, bir neçə il əvvəl meydançanın yaxınlığında idman kompleksinin tikintisinə başlanılsa da, yarımçıq qalıb

Puta sakinləri: Əziyyətlə qurduğumuz futbol meydançasını əlimizdən almağa çalışırlar

“Putada bir parça yer qalmayıb, hər yer satılıb, dağıdılıb”

“Əvvəl traktor gətirdilər, vaxtilə stadionun ətrafına basdırdığımız dirəkləri sökdülər. Biz mane olduq, dirəkləri təkrar öz yerlərinə bərkitdik. Hər gün bizi polislə hədələyirlər, istədikləri də odur ki, onlara mane olmayaq, stadionu yerlə-yeksan etsinlər. Bu stadionda uşaqlar istirahət edir, idmanla məşğul olur, futbol oynayırlar. Putada uşaqların, gənclərin asudə vaxtlarını keçirdikləri yeganə yerdir, bunu da əlimizdən almaq istəyirlər”.

Bunu Meydan TV-yə Qaradağ rayonu, Puta qəsəbəsinin sakinləri deyir. Onların sözlərinə görə, yaşadıqları ərazidə - Yuxarı Puta küçəsində (184 saylı orta məktəblə üzbəüz) yerləşən idman meydançası ləğv oluna bilər. Sakinlərsə meydançanın ləğv olunmasını istəmirlər.

“Yalandan deyirlər, burda park salınacaq”

“Bu meydançaya Putanın hər yerindən gənclər gəlir, futbol oynayırlar, idmanla məşğul olurlar. İndi deyirlər ki, meydançanın yerində park salınacaq. Biz onlardan park salınmasına dair hər hansı sənəd göstərmələrini tələb edəndə isə bələdiyyədən bildirdilər ki, park salınacağı hələ dəqiq deyil. Bizdə isə artıq belə şübhə var ki, meydançanın yeri zəbt olunub, kiməsə satılıb və meydança ləğv olunandan sonra kimsə buralarda bina tikəcək, yaxud şəxsi təsərrüfat yaradacaq. Putada bir parça yer qalmayıb, hər yer satılıb, dağıdılıb. İndi də bir neçə il əvvəl sakinlərin əziyyətlə yaratdığı idman meydançasının yerinə göz dikiblər”, - sakinlər deyir.

Sakinlər deyir, bir neçə il əvvəl meydançanın yaxınlığında idman kompleksinin tikintisinə başlanılsa da, yarımçıq qalıb:

“Meydançanın xeyli hissəsini həmin stadiona ayırdılar, tikməyə başladılar, sonra işi dayandırdılar. Soruşanda, deyirlər, büdcədən pul ayrılmır, hansısa xarici şirkət investisiya yatırmalıdır ki, kompleksin tikintisi başa çatdırılsın. Bax, o kompleksin tikintisinə başlanılanda gətirib ərazidə ədəb-ərkanla lövhə vurdular ki, burda idman kompleksi inşa olunur. Adamlar da bildi ki, bəli, burdakı tikintinin məqsədi budur. Ancaq indi şifahi olaraq park salınacağını deyirlər, nə lövhə var, nə sənəd. Biz burda park salınmasına qarşı deyilik. Sadəcə, burda park salınacağına inanmırıq və sənəd tələb edirik. Bu qədərmi çətindir sakinlərə bir parça sənəd təqdim etmək?”

"Bizdə isə artıq belə şübhə var ki, meydançanın yeri zəbt olunub, kiməsə satılıb"

"Bizdə isə artıq belə şübhə var ki, meydançanın yeri zəbt olunub, kiməsə satılıb"

Mənbə: Meydan TV

“Gəncləri idmandan uzaq salırlar, narkomaniya baş alıb gedir”

Sakinlərin sözlərinə görə, meydançaya görə tez-tez əraziyə bələdiyyə, icra hakimiyyəti işçiləri gəlir, mübahisələr düşür, sakinlər polislə hədələnir:

“Gözümüzü qorxutmağa çalışırlar, deyirlər, səs-küy salsanız, polis gəlib hamınızı aparacaq, həbs edəcək, başınızı ağrıtmayın. Əziyyətlə qurduğumuz meydançanı əlimizdən almaq üçün görün hansı yollara əl atırlar. Biz bu meydançanı ona görə qurmuşuq ki, uşaqlar, gənclər asudə vaxtlarını idmanla keçirsinlər, pis yola düşməsinlər. İdman sağlamlıqdır, Putada narkomaniya baş alıb gedir, gənclik məhv olur, gənclərin idmandan uzaq düşməsi, narkotikə meyl göstərməsi üçün sanki əllərindən gələni edirlər”.

İcra hakimiyyəti: “Abadlıq işləri aparılır”

Azı 200 nəfərin imzasıyla aidiyyəti qurumlara müraciət olunsa da, hələlik heç bir qurumdan sakinlərə cavab gəlməyib. Əvəzində isə mayın 17-də meydançanın ərazisinə ağırtonnajlı maşınlar mişar daşı və başqa tikinti materialları gətirib. Sakinlər bu tikinti materiallarının hansı məqsədlə gətirildiyini öyrənməyə çalışsalar da, onlara heç bir məlumat verilməyib. Yalnız icra hakimiyyətinin tapşırığı olduğu bildirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, qeyd olunan ünvandakı meydançanın ərazisində abadlıq işləri aparılır, sakinlər buna mane olmağa çalışır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x43n5z

Ən çox baxılan