Apelyasiya məhkəməsi qərar çıxarıb
Bir müddət Almaniyada siyasi mühacir kimi yaşayıb, Azərbaycana deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs olunanlardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimliyə verilən ittiham dəyişsə də, ona verilən 5 il həbs cəzası olduğu kimi saxlanılıb. Bu barədə avqustun 29-da Bakı Apelyasiya Məhkəməsində qərar çıxarılıb.
Pünhan Kərimli 2022-ci ilin yanvarında həbs olunarkən ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə irəli sürülmüşdü. 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası da bu maddələrlə onu təqsirli bilib, 6 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. Apelyasiya instansiyası ona verilən ittihamları haqlı saysa da, cəzasını 5 ilə endirmişdi. Ali Məhkəmə isə qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarmışdı. Xeyli vaxt idi ki, Bakı Apelyasiya Məhkəməsində Pünhan Kərimlinin işinə yenidən baxılırdı.
Avqustun 29-da hakim Cavid Hüseynin sədrliyilə keçirilən məhkəmə iclasında həm Pünhan Kərimlinin özü, həm də onun vəkili Cavad Cavadov çıxış edib. Onların hər ikisi bildirib ki, narkotik ittihamı əsassızdır, saxtadır. Vəkilin sözlərinə görə, Pünhan Kərimli saxlanılarkən üstünə baxış keçirilməliydi, Avropa Məhkəməsinin presedent qərarları da bunu deyir. Lakin onun üstünə baxış saxlandıqdan bir neçə saat sonra keçirilib. Müvəkkilinin işgəncəyə məruz qaldığını vurğulayan vəkil deyir ki, Pünhan Kərimliyə narkotik satışı ittihamı verilib, lakin satışla bağlı heç bir sübut ortaya qoyulmayıb.
Cavad Cavadov çıxışının sonunda müvəkkilinə bəraət verilməsini istəyib.
Pünhan Kərimli özü də çıxışında bildirib ki, üstündə narkotik olmayıb, onu polislərin özləri qoyub. Onun sözlərinə görə, tutulduğu gün atasıyla birlikdə gedib. Atasından ayrılandan az sonra polislər onu saxlayıb, zorla maşına mindiriblər:
“Yalan yazıblar ki, guya könüllü şəkildə maşına oturmuşam. Mən Vergilər Departamentinə üstümdə narkotiklə getmişdim? Özü də atamla… Yazıblar ki, guya Əhmədlidən gedib almışam narkotiki. Telefonumu qaytarmayıblar, onlarda olub. Vəsatət verdik ki, anten məlumatlarıyla yoxlayın, görün ki, mən Almaniyadan gələndən heç Əhmədli tərəfdə olmuşam? Vicdanınız olsun, bu işə ədalətli baxın”.
Hakimlər qısa müşavirədən sonra Pünhan Kərimli haqqında hökmün dəyişdiyini elan ediblər. Qərara əsasən, AXCP üzvünə qarşı ittiham Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif olunub. Bu maddə ilə də ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Pünhan Kərimlinin vəkili Cavad Cavadov Bakı Apelyasiya Məhkəməsinin çıxardığı yeni hökmdən Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
AXCP üzvünün atası Vahid Kərimov bu hökmün ədalətsiz olduğunu bildirib. Onun sözlərinə görə, oğlu təqsirsizdir, onun üstündə ümumiyyətlə, narkotik olmayıb:
“Bunu o hökmü çıxaran hakimlər özləri də yaxşı bilir ki, həmin narkotiki Pünhanın üstünə polislər atıb. Bunu bilə-bilə yenə də o hökmü çıxardılarsa, Allah elədiklərini qarşılarına çıxarsın. Çünki günahsız bir adamı həbsdə saxlamağın nə demək olduğunu özləri də çəksinlər, görsünlər”.
İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər siyasi fəal həbs olunub. Onlardan 5-i cinayət məsuliyyətinə cəlb olunub, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.
Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.