Tez-tez “Animal Planet” kanalını izləyirəm. Heyvanlar aləmindən bəhs edən bu kanalı izləmək mənə çox maraqlı bilgilər qazandırır. İnsanların həyatı ilə bağlı bir təhlili sizinlə bölüşməyə qərara gəlmişəm. Pişikləri və pişikkimilər kateqoriyasına aid digər heyvanları sevirəm. Onlar barədə tədqiqatlar həmişə diqqətimi çəkir.
Pişikkimilərdən çox yazmaq fikirim yoxdur. İstəyən internetdə kifayət qədər məlumat toplaya bilər. Deməli, Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər.
Beləki, bu ağıllı canlının “estafet”inə nəzər salarkən, ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır. Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır.
Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır. İqtisadi ədəbiyyatda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir “dovşanın” ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar.
Uğur qazanmaq üçün “puma fəlsəfəsi”ni – xərclənən əmək ilə əldə ediləcək nəticə arasındakı uzlaşmanı yaxşı mənimsəmək lazımdır. İndi isə öz həyatımıza nəzər salaq. Qarşımıza qoyduğumuz hədəflər, qazandığımız uğurlar, işdən aldığımız ləzzət və karyeramız onlar üçün sərf etdiyimiz vaxta və enerjiyə dəyərmi? Yəni qazandıqlarımızın verdiyi enerji itirdiklərimizin apardığı enerjini layiqincə kompensasiya edə bilibmi?
Çox yaxşı başa düşürəm, qayğılar, problemlər və ağır iqtisadi-sosial durum bizi hər tərəfdən “təpikləyir”. Amma özümüzdə güc tapmaq və həmin ayaqları sındırmaq vaxtı çoxdan çatıb axı. Əgər biz öz potensialımızı müəyyən edə bilsək, həmin “təpiklərin” bizi bir növ qüvvətləndirdiyinin də fərqinə vararıq. Mən buna sırf fiziki cəhətdən alışıb, həmin zərbələr sayəsində döyüş meydanında olanda anidən və gözlədiyimiz anlarda gələn zərbələrə qarşı hazırlıqlı olmağı nəzərdə tuturam. Bir müddət sonra onlar bizim döyüş konsentrasiyamıza o qədər mane törətməyəcək.
Bizə dəyən hər təpik ağrıya deyil, qətiyyətə köklənməyimizə rəvac verəcək. Çünki biz artıq onun “dadını” yaxşı bilirik. Mən şəxsən kapoeyra döyüşü ilə məşğul olduğum dönəmlərdə məşq prosesi vaxtı mütləq qıç və qol əzələlərimə məşqçi tərəfindən tətbiq olunan həmin təpiklərdən “pay” alırdım. Bu bütün tələbələrə şamil olunurdu. Müəyyən zamandan sonra qol və qıç əzələlərim məhz həmin zərbələr sayəsində də qüvvətlənmişdi. Daha o qədər də döyüş vaxtı zərbələrə çox vec vermirdim. Onlar əksinə adrenalinimi yüksəldir və məni daha sərrast döyüşüb, qələbəyə iddiamı artırırdı.
Ona görə “təpiklərə” alışıb, onlara tabe olmaq yox, əksinə onlara qarşı duruş sərgiləyib, əks hücuma keçmək labüddür. Vallah insan həyatında böyük dəyişiklər edə bilər. Tənbəlliyi buraxıb, bu bataqlıqdan özünü xilas etmək mümkündür. Yetər ki, istəyiniz səmimi və şiddətli olsun.
Hə, bizim ətrafımızda elə insanlar var ki, onlar başqalarının uğurunu və fəallığını həzm edə bilmədiyi üçün daim ətrafında hərəkətə keçmək insanların həvəsini-tempini qırmağı özlərinə borc bilirlər. İstəkləri ondan ibarətdir ki, hər kəs onlar kimi olsun-Passiv və laqeyd. Onlara qətiyyən vec verməyə dəyməz. Bu vaxt itkisidir.
Bu mövzuya aid kiçik hekayəni bölüşüm sizinlə.. Bir rəssam şagirdinə təhsilini bitirəndən sonra buyurur ki, çəkdiyi son rəsmi şəhər mərkəzinə aparıb, yerləşdirsin və yanına bir qırmızı qələm qoysun. Bir qeyd yazsın ki, insanlar rəsmdə bəyənmədikləri hissəni qırmızı qələmlə işarələsinlər.
Şagird ustanın dediyini edir və bir neçə gün sonra şəhər mərkəzinə gedib rəsmi götürür. Rəsmin hər tərəfində qırmızı işarələr qoyulmuşdu. Şagird məyus halda ustasının yanına gəlir.
Usta bu dəfə buyurur ki, rəsmi yenidən çəksin və yenə şəhər mərkəzinə aparsın. Lakin bu dəfə müxtəlif rəngli boyalar və fırça qoysun. Qeyd etsin ki, insanlar bəyənmədikləri hissələri özləri düzəldə bilərlər.
Şagird ustanın dediyini edir və bir neçə gün sonra rəsmi geri gətirəndə görür ki, əsərə heç kim düzəliş etməyib.
Şagird sevincək halda ustasına rəsmi göstərir, usta deyir:
“Birincidə insanlara fürsət verildiyində onların nə qədər qəddar olduqlarını görə bildin. Ömrü boyu hətta bircə rəsm də çəkməmiş olanlar da gəlib, rəsmə işarə qoydu. İkincidə insanlardan müsbətə doğru yaradıcılıq istənildi. Yaradıcı olmaq üçün isə təhsil lazımdır. Heç kim bilmədiyi bir mövzunu düzəltməyə cəhd etmədi”.
Bax, bu cür hallarla çoxumuz qarşılaşırıq. Müsbətə doğru addım atmaq və uğur əldə etmək üçün “puma” effektindən və mənfi təzyiqlərə qarşı qətiyyətli olmaqla çox şey edə bilərik. Uğurlar!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…