Şahvələd Çobanoğlu

Mənbə: Foto: Meydan TV

Başlıq: Şahvələd Çobanoğlu

Pulun əhəmiyyəti, yaxud Nyuton “evdə qal” dövründə nə düşünürdü...

Pulun hər şey olmadığını bu günlərdə anlayanlar, hələ də heç nəyi anlamamışlar

Bilirdinizmi, Nyuton məşhur ümumdünya cazibə qanununu vəba epidemiyasından gizləndiyi bir vaxtda tapıb. Yəni “evdə qal” dövründə. Hamının “başına ağacdan alma düşərkən ağlına gəlib” deyə yorum verdiyi bu kəşf bizim günlərdə yəqin çox əhəmiyyətsiz görünür. Amma o zaman Nyuton düşünmürdü ki, dünya çox təhlükəli olub, heç nəyin əhəmiyyəti yoxdur, elm də mənasızdır, tibb də, inam da, əxlaq da, ədalət də... Şəhərdən uzaqlaşıb kənddə bir evə sığınmışdı, amma gələcəyə inamını itirməmiş, güc və təhlükə qarşısında geri addım atmamışdı. Kəşfindən də önəmli olan bu idi. Kəşfini mümkün edən də bu idi.

İndi də dünya çox təhlükəli dövrə gəlib, doğrudan da, amma bu, daha böyük təhlükələrdən keçib gələn dünyadır. Unutmayaq, Çinin eyni əyalətindən yayılan başqa bir pandemiyada dünya əhalisinin üçdən biri məhv olmuşdu. Hazırlıqsız yaxalanmışıq, zəngin, böyük ölkələrdə tənəffüs aparatları belə çatmır, amma Böyük Aclıqda Almaniya əhalisinin az qala yarısı ölmüşdü, sadəcə, aclıqdan...

Bəşər tarixinin böyük qismi aclığın gətirdiyi böyük qırğınlarla keçib.

İndi də çox ağırdır, çətin situasiyadır, xeyli ağır mənzərələr, cavab axtarmalı suallar, yeni yanaşma tələb edən məsələlər var, amma həyat bitməyəcək və bu ağır günlərdə təkcə özümüzü yox, sağlam düşüncəmizi, insanlığın gələcəyinə inamı və ən başlıcası, dəyərlərimizi də qorumalıyıq.

Karantindən öncəki günlərdə pula həmişə məndən çox önəm vermiş bir adamla xəstəxanada rastlaşdım və əlini spirtləyə-spirtləyə üzüməcə dedi: gördünmü, pulun-malın da əhəmiyyəti yox imiş...

Güldüm, lakin üstündən keçmədim...

“Niyə əhəmiyyəti yoxdur pulun? Belə ağır günlərdə evinə çörək ala bilməmək dərdi də var axı. Yaxud xəstəxana ödənişi üçün ailənin boğazından kəsmək var, elə mənim timsalımda...”

Pulun, zənginliyin hər şey olduğunu düşünənlər, yaxud pul-mal üçün addımlarını tənzimləyənlər, bunun üçün az qala hər şeyə gedənlər belə riyakar olub. Hələ yanlış düşüncələr də aşılaya bilirlər.

Pul-mal üçün yaltaqlananlar, susanlar, yalan danışanlar! Pul əhəmiyyətsiz deyil!

Bəli, ondan ötrü heç vaxt əyilməzlər. Pul və zənginlik mənəvi üstünlük də deyil. Pul üçün əyilmək, susmaq, yalan danışmaq – başqalarının çörəksiz, dərmansız qalmasına haqq qazandırmaqdır. Amma pul hər kəsə öz həyatını qurmaq üçün çox vacibdir və bunun üçün yalanın və zülmün olmadığı ölkələr lazımdır. Hamıya iş və qazanmaq imkanı lazımdır.

Hamı deyir ki, İtaliyada yaşlı adamlar çoxdur deyə orada ölüm sayı da yüksəkdir. Bunu deyərkən, öz ölkənizdə insanların (ata-analarımızın, baba-nənələrimizin) cavan öldüyünü qəbul etmiş olursunuz. Bəli, İtaliya da daha yaxşı idarəçiliyə layiqdir – bu da var! Amma İtaliya necə gözəl ölkə imiş – bu da var!

Pulun hər şey olmadığını bu günlərdə anlayanlar, hələ də heç nəyi anlamamışlar. Bunu çoxdan bilməli idiniz. Pulun və hər kəsə onu qazanmaq imkanı verən bir dövlətin əhəmiyyətini indi də anlamayanlar isə çox qorxulu adamlardır.

Hər kəsə pul qazanmaq imkanı verən dövlət necə olur? Demokratik, seçki saxtakarlığı olmayan, söz azadlığı toxunulmaz olan, ədalət məhkəməsi olan, Tofiq Yaqublunun həbs edilmədiyi, azad edildiyi və s.

Olsun, “indi bu söhbətlərin zamanı deyil” deyirsinizsə, ən azı bunu düşünün: hər kəsin bütün hallarda ona yalan danışmayacağına inandığı bir hökuməti olmalıdır. Bu, çox sadə, olduqca kiçik arzudur, elə deyilmi?!

Həqiqətdən vacib heç nə yoxdur!

(İstəyirsiniz mənasız, çeynənmiş, pafoslu bir fikrin təkrarlanması hesab edin bu son cümləni!)

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ybbd97

Ən çox baxılan