”Pulu MTN polkovniki İlqar Əliyevə verdim”

Polkovnik Əlövsət Məhərrəmovun məhkəməsi davam edir

Source:


Polkovnik Əlövsət Məhərrəmovun məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib. O, zərərçəkmişlərdən Validə Məmmədovanın tələbi əsasında məhkəməyə şahid kimi gətirilib.

Mehriban Abdullayeva iclasda bildirib ki, Əlövsət Məhərrəmovla rəsmi nikahları yoxdur. M. Abdullayeva heç nədən xəbərinin olmadığını, ərinin işlərinə qarışmadığını deyib.

İclasda iştirak edən zərərçəkmiş şəxslərdən Validə Məmmədova isə şahidə “Sən onun belə bir əməl tutduğunu bilirdin. Niyə onu müdafiə edirdin” sualını verib. M. Abdullayeva isə suala cavab olaraq “O, mənim uşaqlarımın atasıdır” – deyib.

Hakim Rahib Salmanov isə ondan ərinin vətəndaşlardan işə düzəltmək adı ilə pul aldığını bilib-bilməməsini soruşub. Mehriban Abdullayeva isə ərinin işlərinə qarışmadığını deyib.

Zərərçəkmiş Validə Məmmədova isə şahidin yalan danışdığını deyib:

“Mən Əlövsətin evinə getdim. Arvadı Mehribanla görüşdüm. Ərinin məndən pul aldığını dedim. Mehriban mənə dedi ki, əri iş yerində olan kameraları evə gətirib. Görüntülərə baxıb, məsələni aydınlaşdıracaq, mənim pulumu qaytaracaq”.

Mehriban Abdullayeva onun dediklərini təkzib edib: “Mən ona demişəm ki, evdə bahalı qablar, qızıl var, onları satım, bir də televizoru verim. 600 manat verdim. Televizoru da istəmədi”.

Daha sonra sualları cavablandıran Mehriban Abdullayeva ərinin 500 manat maaş aldığını deyib.

Zərərçəkmiş Validə Məmmədova isə “Mehriban, sənin 6250 manatın yoxdur? Mənim pulumu verin, çıxım gedim” – deyib. Mehriban Abdullayeva isə ona aylıq 350 manata kolbasa sexində işlədiyini, pulunun olmadığını deyib.

İclasda prokuror Əlövsət Məhərrəmovdan zərərçəkmişlərdən aldığı 670 min manatın harada olmasını soruşub. Əlövsət Məhərrəmov pulları MTN polkovnikinə verdiyini deyib: “Pulu MTN polkovniki İlqar Əliyevə verdim. O da özünü asdı”.

İclasda iştirak edən zərərçəkmiş şəxslər isə onun yalan danışdığını deyiblər.

Proses dekabrın 23-də davam edəcək.

Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub.

Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmişlərin hamısı deyir ki, Ə.Məhərrəmov özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək onları işə düzəltmək adı ilə aldadıb.

Ana səhifəXəbərlər”Pulu MTN polkovniki İlqar Əliyevə verdim”