Baş Prokuror Zakir Qaralov müxalifət partiyalarının maliyyə şəffaflığında pozuntulara yol verdiyi ilə bağlı jurnalistlərə açıqlama verib. Zakir Qaralov bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT-lər isə Maliyyə Nazirliyinə aldıqları qrantlar barədə məlumatlar verməlidir.
“Bu sahədə qanun təkmilləşəndən sonra onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyirlər. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq.
Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər?”
AXCP sədri bildirir ki, hər il Mərkəzi Seçki Komissiyasına partiyanın maliyyə vəziyyəti ilə bağlı məlumat verirlər. MSK-nın saytında yerləşdirilən sənəddə qeyd olunur ki, ötən il AXCP-nin heç biri gəliri olmayıb. Əli Kərimli bildirir ki, partiyanın ofisi yoxdur, heç kimə də maaş verilmir. Partiya üzvləri yalnız ictimai əsaslarla fəaliyyət göstərir.
Müsavat Partiyasının başqanı Arif Hacılı da partiyanın maliyyə vəziyyət ilə bağlı hər il MSK-ya sənəd göndərir. MSK-nın saytında göstərilən sənəddə qeyd olunur ki, Müsavat Partiyası 2016-cı ildə 6372 manat üzvlük haqqı toplayıb və bununla qərargahın xərclərin qarşılayıb.
Arif Hacılı bildirir ki, başqan olduğu 3 ildə bir dəfə də olsun cangüdəni olmayıb. Əli Kərimli isə cangüdənlərinin pulsuz çalışdıqlarını bildirir.
Hakim partiya olan Yeni Azərbaycan Partiyası ötən il MSK-ya 19 milyon manatdan çox kapitala sahib olduğunu açıqlayıb. Milli Vəhdət Partiyanın sədri Yunus Oğuz MSK-ya göndərdiyi sənəddə ötən il partiyanın heç bir gəlirinin olmadığını bildirib. Demokratik Azərbaycan Dünyası Partiyası da sənəddə hansısa məbləğ göstərməyib. Sədri Sərdar Cəlaloğlu olan Azərbaycan Demokrat Partiyasının da gəlirləri olmayıb. Rəhbəri Hafiz Hacıyev olan Müasir Müsavat Partiyası da ötən il partiyanın pulunun olmadığını bildirib.
Müxalifət partiyalarının sədrləri baş prokurorun açıqlamasının yeni ittiham və həbslərə hesablandığını düşünürlər.