Publik hüquqi şəxs nədir?

Qubad İbadoğlu: “İlk növbədə bir çox qanunvericilik aktlarında dəyişiklik aparılmalıdır”

Source:
Qubad İbadoğlu


Qubad İbadoğlu: “İlk növbədə bir çox qanunvericilik aktlarında dəyişiklik aparılmalıdır”

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.

Bəs publik hüquqi şəxs nədir?

İqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yeni yaradılan qurumla bağlı şərh verib: “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılması yalnız funksional baxımdan deyil, həm də təşkilati-hüquqi formasına görə bir sıra suallar doğurur. Bir tərəfdən idarəetmə xərclərinin optimallaşdırılmasına xidmət edərək bəzi dövlət qurumlarını bir mərkəzdə cəmləşdirmək, digər tərəfdən onların malik olduqların nəzarət sistemini mərkəzləşdirmək və bu sistemin çevikliyini təmin etmək məqsədilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi ilk olsa da yəqin ki, sonuncu olmayacaq. Çox güman ki, bundan sonra bu tip ictimai məqsədlərə xidmət edən hüquqi şəxslər səhiyyə və təhsil müəssisələrinin bazasında da formalaşacaq”.

İqtisadçı deyir ki, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan belə təşkilatlar qonşu Gürcüstanda 2002-ci ildən başlayaraq fəaliyyət göstərir: “Bu tip yeni təşkilatı hüquqi formaya malik olan təşkilatlar adətən dövlətin və bələdiyyənin adından yaradılır və onların ciddi nəzarətində qalmaqla fəaliyyət göstərir. Kommersiya məqsədi güdməyən publik hüquqi şəxslər daha çox qeyri-kommersiya təşkilatlarının malik olduğu funksiyaları həyata keçirirlər.

Şübhəsiz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi kimi fəaliyyət göstərməsi üçün ilk növbədə bir çox qanunvericilik aktlarında dəyişiklik aparılmalıdır. Yeni yaranan təşkilatın fəaliyyətinə gəlincə, o, ilk növbədə, qiymətli kağızlar bazarı iştirakçılarının, investisiya fondlarının, sığorta, kredit təşkilatlarının, o sıradan da bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatorlarının və ödəniş sistemlərinin reyestrinin yaradaraq, onların fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarətin həyata keçirilməsi ilə məşğul olacaq”.

Ana səhifəXəbərlərPublik hüquqi şəxs nədir?