Onun özünü yaşadığı evdə kəmərlə boğduğu güman edilir
Psixoloq Dəyanət Rzayevin intihar etdiyi bildirilir. “Lent.az” yazır ki, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb. Bu barədə onun dostları da “Facebook”da paylaşımlar ediblər. Yaxınları onun xeyli müddətdir depressiyada oluğunu söyləyir. Son bir neçə günü evində tək keçirdiyini, iş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildiribmiş.
Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, D.Rzayevin cəsədi az əvvəl ora gətirilib.
Dəyanət Rzayev yanvarın 16-da intiharların artması ilə bağlı
Meydan TV-yə münasibət bildirmişdi
. O, intiharların əksəriyyətinin arxasında korrupsiyanın dayandığını demişdi:
“İntiharların arxasında ədalətsizlik, təbəqələşmə, sosial-iqtisadi məqamlar dayanır. Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır. Üstəlik, banka borclu olanda, onun vəziyyətini təsəvvür edin. Mənim anam 150 manat pensiya alırsa, bu, böhran deyilmi? Əlbəttə böhrandır. Nəhayət, məhkəmələr də bankların tərəfindədir. Belə olanda, vətəndaş intihara əl atır, çünki o, mənliyini intiharla qoruduğunu hesab edir”.
Psixoloq deyirdi ki, intihara əl atanlara zəif kimi baxmaq lazım deyil. İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır:
“Sadəcə, həyatda rastlaşdıqları çətinliklər onları buna vadar edir. Psixoloqlar nə təklif edir, psixoloqların özü 150 manat maaş alırsa, nə təklif edə bilər?!”