“Proxy” şirkətlər yaratmaqda suçlanan rəis işdən azad edildi

Füzuli rayon Vergilər Şöbəsinin rəisini vergi cinayətləri ilə bağlı açılan istintaqa cəlb ediblər

Source:

Füzuli rayon Vergilər Şöbəsinin rəisini vergi cinayətləri ilə bağlı açılan istintaqa cəlb ediblər

 Füzuli rayon Vergilər Şöbəsinin rəisi Rəşad Hacıyev işdən azad edilib. Xəbəri Meydan TV-yə Vergilər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Nazirlik bildirib ki, Rəşad Hacıyevin ərizəsi əsasında onun 65 yaşı tamam olması münasibəti ilə işdən azad ediblər.

28 iyulda işdən azad edilən R.Hacıyevlə bağlı 23 iyulda Meydan TV-də araşdırma yayımlanıb. Araşdırmada göstərilib ki, R. Hacıyev qardaşı Tarix Hacıyev aldadılaraq, onun adına 7 şirkət açılıb.  Tarix Hacıyev onu aldadan şəxsin qardaşı, Füzuli rayon Vergilər Şöbəsinin rəisi Rəşad Hacıyev olduğunu açıqlayıb. Onun fikrincə, Füzuli şəhərində yaranan bütün müəssisələr qardaşına məxsusdur.  O, Rəşad Hacıyevin bir neçə qohumunun adına da şirkət açdığını bildirib.

Yaradılan 7 şirkətin ikisində qanuni təmsilçi kimi göstərilən Şamil Əliyev hazırda külli miqdarda vergi ödəməkdən yayınmada ( CM 213.2.2) təqsirli bilinərək, həbs həyatı yaşayır. Şamil Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 3-cü ilini çəkir.

Araşdırmadan sonra rəis Rəşad Hacıyev istintaqa cəlb edilib və ifadəsi alınıb. Bu barədə o, Meydan TV-yə məlumat verib. Araşdırmadan 5 gün sonra isə o, işindən azad edilib. Rəşad Hacıyevin 65 yaşı 9 avqustda tamam olurdu.

Ana səhifəXəbərlər“Proxy” şirkətlər yaratmaqda suçlanan rəis işdən azad edildi