Rəhbərliyə bildirdim ki, həyətə çıxmayanda özümü çox pis hiss edirəm. Tələbimi yerinə yetirdilər və personal üçün fəaliyyət göstərən lifti 23.00-a kimi açıq saxladılar. Həmin lift isə çox ensiz idi. Əlil arabamla ora girə bilmirdim. Axşam geri dönəndə, kimdənsə ensiz əlil arabasını xahiş edir, ona oturur, liftdən istifadə edir, sonra 2-ci mərtəbədə yenidən öz arabama otururdum.
Bakı Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan vətəndaşlara protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlilliyi olan şəxslərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir.
Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlilliyi olan şəxslər velo və əlil arabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər. Müəsissədə əlilliyi olan şəxslər üçün ambulator və stasionar müalicə xidmətləri var. Buna görə stasionar xidmətdən yararlanmağa qərar verdim.
Dəmir darvazadan içəri girəndə içimi qəribə hisslər bürüdü. Özümü uşaqlığımın sevimli filmi “Harry Potter”in təhsil aldığı cadugərlik və sehrbazlıq məktəbi “Hogwarts”ın əsrarəngiz həyətində hiss etdim. Darvazanın qabağından binanın yanına kimi asfalt çınqıl daşlarla örtülüdür. Elə bil, asfalt Azərbaycanın on üç, on dördüncü əsrin şanslı tarixinin qalığıdır və bunlar da and içiblər ki, burda əlil arabası istifadəçiləri də ağız-burun əymədən, qürurla keçməlidir.
Təsəvvür edin, həmin yerdən keçəndə az qalırdım, əlil arabamdan yerə yıxılam. Özümü bir növ Snoop Dogun kliplərində atılıb-düşənlər kimi hiss edirdim. Həmin yolun başqa özəlliyi də var. Nə vaxt, o yoldan keçirdim, üzr istəyirəm, tualetim tuturdu. O saat qaçırdım tualetə. Sonradan bunun hikmətini dərk elədim. Demə, o asfaltın uroloji özəlliyi də varmış. Bu ölkəyə elə-belədən “analoqu olmayan ölkə” demirlər ki?! Gözəl hökumətimiz yaxşı bilir ki, əlilliyi olan şəxslərin uroloji problemləri olur. Ona görə də, yüksək qayğı ilə həmin yolu daim çınqıllı saxlayırlar ki, ora sidikqovucu təsir göstərsin.
4 mərtəbəli binanın giriş hissəsinə böyük plakatda təmir planı barədə məlumatlar yerləşdiriblər. Məlumatlar tapmaca xarakteri daşıyır. Adam həmin plakata baxanda özünü “Nə? Harda? Nə vaxt?” intellektual oyununda hiss edir. Baş açmaq olmur, bunların məqsədi nədir. İllərdir, orda təmir gedir. Binanın üzünə baxanda vahimələnirsən ki, bu dəqiqə hər şey başına uçacaq. Üstünü toz basmış sınıq-salxaq taxtalar hər biri real təhlükə mənbəyi sayılır. Buna rəğmən mən və digər əlilliyi olan yoldaşlar müalicə üçün bura axışır.
Neyləyək? Həmin vaxt şəhərdəki digər reabilitasiya mərkəzləri təmirə bağlanmışdı. Bircə bura da təmir üçün bağlanıb, tezliklə açılsaydı, çox yaxşı olardı. Bina, həyət, infrastruktur – hamısı Sovet dönəmindən qalmadır.
Yayın qızmar istisində kondisersiz otaqda ilk gecə ağcaqanadlarla Suriya, Orta Şərqin problemlərinin həlli yolunun fikir mübadiləsini apardıq. Bəşər Əsədi dəstəkləyən ağcaqanadlar mənə qarşı koalisiya yaradıb, hücum etdilər. Birinci gecə qanlı-qadalı keçdi. İsti və ağcaqanad hücumları..
İkinci gün evdəkilərə tapşırdım ki, sərinkeş və ağcaqanad dərmanı gətirsinlər. İstəyimi icra etdilər. İkinci gecə silahlanma və yaxşı müdafiə hesabına normal yatdım.
Səhəri gün həvəslə “şirin vampirlər”i (labarotiriyada işləyən bəzi tibb bacılarına qoyduğum ad) gözləyirdim ki, gəlib analiz üçün qanımdan götürsünlər. Amma gələn olmadı. Sonra öyrəndim ki, bu boyda müalicə mərkəzində labarotoriya yox imiş. Guya təmirə görə bağlanıb. Nə dəxli var axı?!
Sonra gedib, müalicə həkimimlə tanış oldum. İlahi, o nə gözəllik, o nə füsunkarlıq.. Etiraf edim ki, müalicə müddətimdə ən xoşagələn hal həkimimlə ünsiyyətdə olduğum anlar idi. 3 həftə ərzində aldığım prosedurlar-masaj, müalicəvi bədən tərbiyəsi və toklar həmin xanımın gözəlliyinin mənə bəxş etdiyi müsbət enerji və harmoniyanın yanında heç nə idi.
Müalicələrin içində ən çox ehtiyac duyduğum müalicəvi bədən tərbiyə prosedurudur ki, ordakı 3 təlimçinin 3-ü də qeyri-peşəkardır. Ümumiyyətlə, 500 mindən çox əlilliyi olan vətəndaşın yaşadığı resublikamızda bu sahə üzrə cəmi 4-5 peşəkar təlimçi var. Çox pis durumdur.
Prosedurlardan sonra mərkəzi dolaşırdım. Düzü, maraqlı bir yer də yox idi. Özümü Azərbaycan həbsxanaları haqqında oxuduğum məkanlarda zənn edirdim. Arada 3-cü, 4-cü mərtəbəyə özümü verirdim. Hər şey təmirə görə dağınıq halda, xarabaxananı xatırladırdı. Emrahın və İbrahim Tatlısesin cavanlıqda klip çəkdirdikləri məkanlara bənzəyən həmin yerləri hərdən sükutu dinləmək üçün seçirdim.
Günortalar cırhacır istilər olduğu üçün çöldə dayanmaq dözülməz idi. Özümlə bir neçə kitab götürmüşdüm mütaliə üçün. Mütəmadi olaraq, ümumi dəhlizdə pəncərə önündə dayanıb, mütaliə edirdim. Bir dəfə Seymur Baycanın “Mənim mübarizəm” kitabını oxuyarkən Üzeyirin mahnılarını dinləyən bir oğlan sual verdi ki, “dini kitab oxuyursan?”. Güldüm, soruşdum niyə elə soruşduğunu. İzah etdi ki, Seymuru üzdən hansısa din aliminə bənzədib. Bir dəfə də eyni reaksiyanı vermişdilər. Seymur Baycanı Allahşükür Paşazadəyə oxşatmışdılar.
Hərdən orda müalicə alan yoldaşlarla söhbət edirdim. Onlar əsasən yeməkxanada yığışıb, domino oynayırdılar. Orda da çox qala bilmirdim. Son dəfə ora baş çəkəndə televizorun yüksək səsi ilə qarşılaşdım. AzTv “Human Rights Watch” təşkilatını “qərəzli ermənipərəst” adlandırırdı. Amma nə yaxşı özümlə kitablar götürmüşdüm, yoxsa daha çox darıxardım.
Ən dəhşətlisi saat 21.00-dan sonra əlilliyi olan şəxslərə xidmət edən lifti bağlayıb, getmələri idi. Özümü əməlli başlı “zonda” hiss edirdim. Bu əməllərinə onunla haqq qazandırırdılar ki, guya orda müalicə alan əlilliyi olan şəxslərdən kimsə, nə vaxtsa çölə çıxıb və başına nəsə hadisə gəlib. Və bu absurd fikirə görə əlil arabası istifadəçiləri içəridə qalıb, çürüməlidilər. Bir neçə gün elə qaldım. Həsrətlə ikinci mərtəbədən həyətə baxırdım.
Birinci mərtəbədə, ümumiyyətlə, palata yox idi. Orda bəzi həkim və prosedurların keçirildiyi otaqlar fəaliyyət göstərirdi. Onu da xatırladım ki, mərkəzə girən kimi, birinci mərtəbədə Heydər Əliyevin böyük büstü və ətrafı onun şəkilləri ilə bəzədilmiş guşə mövcuddur. Hətta H.Əliyevin belə aforizmi də divara həkk olunub: “Bizim hər birimiz əlillərə maksimum qayğı göstərməliyik”…
“Maksimum” haa… Hanı bəs, o “qayğının” 10 faizi?
Rəhbərliyə bildirdim ki, həyətə çıxmayanda özümü çox pis hiss edirəm. Tələbimi yerinə yetirdilər və personal üçün fəaliyyət göstərən lifti 23.00-a kimi açıq saxladılar. Həmin lift isə çox ensiz idi. Əlil arabamla ora girə bilmirdim. Axşam geri dönəndə, başqasından digər ensiz əlil arabasını xahiş edir, ona oturur, liftdən istifadə edir, sonra 2-ci mərtəbədə yenidən öz arabama otururdum.
Hələ həyətdə olanda, darvazadan kənara çıxmağa qərar verəndə adamı lap bezdiridilər. Evimiz ora yaxındır deyə, gedib evimizə dəymək istəyirdim və hər dəfə detallı hesabat verməli olurdum. Sanki bunlar bizə belə məsuliyyətlə yanaşırlar. Mərkəzin həyətindəki infrastrukturun zay vəziyyətdə olması, əlil arabasından istifadə edən şəxslərə potensial təhlükə mənbəyi sayılan qeyri-müəssər panduslar bu məsuliyyətin əslində necə olduğunu ortaya qoyurdu. Hə, oranın yeməkləri, deyəsən, həkimimdən sonra ən xoşuma gələn şey oldu.
Ordan çıxanda sevinirdim. Təmir olunmayana kimi getməyəcəm ora! Bir nəfər ora gəlib, o cür stress keçirirsə, həmin müalicələrin xeyri nə oldu ki?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Meydan.TV sözügedən mərkəzin təmsilçilərinin mövqeyini əks etdirməyə hazırdır.