Prorektorun qətlinə görə məhkəmə qarşısına çıxarılanlar: institut rəhbəri, polis mayoru…

Müşviq Atakişiyev və Tariyel Əhmədov. Foto: Wiki

Təqsirləndirilən şəxs bildirişi almadığından proses təxirə salınıb

Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qətlə yetirilməsi ilə əlaqədar məhkəmə prosesi başlayıb. Qətldə ittiham olunan üç nəfərin – Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu iş Siyavuş Hacıyevin sədrlik etdiyi, Şəlalə Həsənova və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyasının icraatındadır.

Yanvarın 7-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Müşfiq Atakişiyev illər öncə Təfəkkür Universitetinin rektoru olub. O, 2023-cü ildə həbs olunanda Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru idi. Müşfiq Atakişiyev eyni zamanda, İqtisadiyyat İnstitutunun nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiyası şurasının sədri olub.

1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev rektor olduğu dövrdə prorektorun qətlini sifariş etməkdə ittiham olunur.

Digər təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev isə 20 il (2000-2020) daxili işlər orqanlarında çalışıb, polis zabiti olub. O, uzun illər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində mayor rütbəsində əməliyyat müvəkkili işləyib. 2011-ci ildə Tariyel Əhmədov qətlə yetirilən vaxtda o, polis zabiti kimi, daxili işlər orqanlarında xidmət edirmiş.
Üçüncü təqsirləndirilən Samir Quliyev isə taksi sürücüsü olub. O, Dəyanət Quliyevin həmkəndlisidir.

Məhkəmənin hazırlıq iclasında bir sıra məlumatlar dəqiqləşdiriləndə təqsirləndirilən şəxslər deyiblər ki, məhkəmə bildirişlərini almayıblar. Həmin bildirişlərdə təqsirləndirilən şəxslərin hüquq və vəzifələri əks olunur.

Qanuna görə, təqsirləndirilən şəxs bildirişi almadan məhkəmə prosesi başlaya bilməz. Bu səbəbdən proses yanvarın 17-nə təxirə salınıb.

1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti 2011-ci il sentyabrın 16-da yaşadığı binanın yaxınlığında tapılıb. Uzun müddət cinayətin üstü açılmayıb. 12 il sonra – 2023-cü ilin aprelində 1977-ci il təvəllüdlü Dəyanət Quliyev bu cinayəti törətməkdə təqsirləndirilərək həbs olunub. İddia edilib ki, Dəyanət Quliyev prorektoru tamah məqsədilə öldürüb.

İndi isə ittihamda göstərilib ki, Tariyel Əhmədovu Dəyanət Quliyev yox, onun həmkəndlisi Samir Quliyev qətlə yetirib. Onun bu cinayəti sifarişlə və 40 min dollar pul müqabilində həyata keçirdiyi iddia olunur.

İttihama görə, sifarişçi də o dövrdə Təfəkkür Universitetinin rektoru olan Müşfiq Atakişiyevdir. Daha dəqiqi, o, sifarişi qohumu Dəyanət Quliyevə verib. O isə həmkəndlisini bu işə cəlb edib.
İddia olunur ki, Müşfiq Atakişiyev Tariyel Əhmədovu işgüzar nüfuzuna, rektor vəzifəsində qalmasına maneə kimi qəbul edib, buna görə də onun qətlini sifariş verib.

Öncə Dəyanət Quliyev həbs olunub. Həm Müşfiq Atakişiyev, həm də Samir Quliyev bir neçə ay sonra həbs edilib.

Onlara Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham verilib.

Tariyel Əhmədovun qətlinə görə həbs olunan şəxslərin onlara qarşı irəli sürülən ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

Ana səhifəSosialProrektorun qətlinə görə məhkəmə qarşısına çıxarılanlar: institut rəhbəri, polis mayoru…