Sahibkarlığın İnkişafı Fondu da keçmiş icra başçısının işi üzrə zərərçəkmiş qismində tanınıb
Bir ay əvvəl – sentyabrın 26-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı, 2 il yarımdır ki, həbsdə olan Alimpaşa Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşmış, prokuror onun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Onun vəkili çıxış üçün vaxt istədiyinə görə sabiq icra başçısının məhkəməsi bir həftə sonraya qalmışdı. Lakin hər dəfə məhkəmə iclası təyin edilsə də, proses təxirə salınırdı.
Oktyabrın 31-də keçmiş icra başçısının məhkəməsi baş tutub. Onun vəkilinin çıxış edəcəyi, ardınca özünün son sözünü deyəcəyi və daha sonra hökm oxunacağı gözlənildiyi halda, Alimpaşa Məmmədovun işi üzrə məhkəmə istintaqının yenilənməsinə qərar verildi.
Sahibkarlığın İnkişafı Fondu da keçmiş icra başçısının işi üzrə zərərçəkmiş qismində tanınıb. Fondun nümayəndəsi məhkəmə istintaqının yenilənməsi barədə vəsatət qaldırıb.
Müzakirələr zamanı məlum olub ki, məhkəmə prosesi gedən dövrdə cinayət işi üzrə hesablanmış ziyandan Alimpaşa Məmmədovun yaxınları müəyyən məbləğdə vəsaitlər ödəyiblər.
Alimpaşa Məmmədovun özü də məhkəmə istintaqının yenilənməsinə etiraz etməyib.
Məhkəmə də istintaqın təzələnməsi barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, yenidən bir sıra araşdırmalar aparılacaq, ardınca prokuror bir daha çıxış edəcək.
Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.
İddia olunur ki, o, icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib.
Hələ məhkəmə prosesinin əvvəlində ittihama münasibət bildirən sabiq icra başçısı özünü təqsirli bildiyini, sadəcə, cinayət işinin materiallarında yazılan müəyyən məqamlarla razılaşmadığını demişdi:
“Mən müəyyən mənada qanunsuzluq eləmişəm. Amma məqsədim şəxsi mənafeyim olmayıb. Rayonda iş yerləri açmışam. Elə sahələr var ki, ora büdcədən vəsait ayrılmır. Qeyri-rəsmi ödənişlər hesabına biz o işləri görürdük”.
İttihama əsasən, Şəmkirdə müxtəlif bələdiyyələrin təsis etdiyi iri müəssisələrə məxsus, dəyəri milyonlarla olan paylar icra başçısının göstərişiylə onun oğlunun adına keçirilib. Məsələn, Şəmkir Şəhər Bələdiyyəsinə məxsus “Abad Şəmkir” MMC-nin (zavod) 1 milyon 335 min manat dəyərində payı 2018-ci ildə Alimpaşa Məmmədovun oğluna satılıb. Satış isə cəmi 180 manata rəsmiləşdirilib. İki il sonra – 2020-ci ildə isə Adil Məmmədov da müəssisəni Fərid İslamzadənin adına keçirib.
Çinarlı Bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə “Şəmkir səbəti” MMC-yə 40 manata satılıb. Bu şirkətin də rəsmi sahibləri keçmiş icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyevdir.
Bundan başqa, ittihamda yazılıb ki, Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.
O, həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.
Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzilin də rüşvət kimi verildiyi iddia olunur. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2 ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə iki mənzili alıb. İki mənzilin ümumi dəyəri 700 minə yaxındır.
Alimpaşa Məmmədova 132 epizod üzrə ümumilikdə 1 milyon 700 min manatdan çox rüşvət almaqla bağlı ittiham verilib.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının sonuncusu Alimpaşa Məmmədov olub.