“Prokurorluqdakı şəxs dedi ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncə altındadır”

Ombudsman Aparatından vəkil Bəhruz Bayramova deyiblər ki, Fuad Qəhrəmanlının səhhəti ilə bağlı problem yoxdur, o, Bakı İstintaq Təcridxanasının II korpusundadır.

Source: Meydan TV


AXCP üzvü ilə bağlı Ombudsman Aparatına müraciət olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı iyulun 23-də həbs olunandan bu yana nə ailə üzvlərinin, nə də yaxınlarının ondan xəbəri var. F.Qəhrəmanlının işgəncə altında olması, ondan AXCP sədri Əli Kərimli əleyhinə ifadə almaq cəhdləri haqda məlumatlar yayılıb.

AXCP-nin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, F.Qəhrəmanlı həbs olunandan dərhal sonra onun yaxınları vəkil Bəhruz Bayramovla müqavilə bağlayıb. Amma on gün keçsə də, vəkilin onunla görüşünə imkan verilməyib. Hətta F.Qəhrəmanlı haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı da vəkilə verməyiblər:

“Vəkil Fuad Qəhrəmanlının hüquqlarını müdafiə etdiyini təsdiqləyən orderi istintaqı aparan orqana – Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim etsə də, qəbul eləməyiblər. Deyiblər ki, poçtla göndərsin. Vəkil onu da eləyib. Amma yenə istintaq prosesinə buraxılmayıb. Fuad Qəhrəmanlının özünün vəkili ola-ola onu dövlət hesabına vəkilin iştirakıyla məhkəmə qarşısına çıxarıblar. Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev belə bir şəraitdə onun haqqında həbs qərarı çıxarıb. Vəkil heç olmasa, o qərarı almaq üçün məhkəməyə müraciət edib. Qərarı da verməyiblər. Vəkil məcburiyyət qarşısında qalıb, müddəti ötürməmək üçün qərar olmadan apelyasiya şikayətini yazıb, Nəsimi Rayon Məhkəməsi vasitəsilə verib. Şikayəti də götürməyiblər ki. poçtla göndərsin. İyulun 27-də poçtla göndərib. Hələ də şikayətə baxılmayıb”.

AXCP-dən vurğulayıblar ki, F.Qəhrəmanlının vəkili və ailə üzvlərilə görüşünə, telefon danışığına imkan verilməməsi, apelyasiya şikayətinə baxılmasının yubanması onun işgəncə altında olması haqda deyilənlərin doğru olduğunu düşünməyə əsas verir.

“Müdafiə xətti” insan haqları təşkilatının koordinatoru Rüfət Səfərov da vaxtilə çalışdığı prokurorluqdakı mənbələrdən F.Qəhrəmanlının ağır işgəncə altında olması barədə xəbər aldığını bildirir.

“Baş Prokurorluqdakı vəzifəli şəxslərdən biri üçüncü şəxs vasitəsilə xəbər yolladı ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır. Özündə deyil, danışa və yeriyə bilmir. Əli Kərimlinin əleyhinə hazır ifadəyə imza atmaqdan imtina etdiyinə görə fasiləsiz işgəncəyə məruz qalır”, – deyə R.Səfərov bildirib.

R.Səfərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, Ombudsman Aparına müraciət edərək, F.Qəhrəmanlıya baş çəkməyə çağırıb: “Fuad Qəhrəmanlı işgəncələr altında ölə bilər, ona baş çəkin…”

Daxili İşlər Nazirliyi isə həbs olunan şəxslərə işgəncə verilməsi haqda deyilənləri təkzib edib. Ombudsman Aparatından vəkil Bəhruz Bayramova deyiblər ki, Fuad Qəhrəmanlının səhhəti ilə bağlı problem yoxdur, o, Bakı İstintaq Təcridxanasının II korpusundadır. Avqustun 3-də vəkillə görüşə şərait yaradılacaq.

F.Qəhrəmanlı iyulun 15-də Qarabağa dəstək yürüşündə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. olaylarla əlaqədar başlanmış cinayət işi üzrə həbs olunub. Ona qarşı CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü Məmməd İbrahim də eyni maddələrdə ittiham olunur. Bu cinayət işi üzrə həbs olunan daha 15 AXCP fəalına isə 278-ci maddə istisna olmaqla, digər üç maddə ilə ittiham irəli sürülüb.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Ana səhifəSiyasət“Prokurorluqdakı şəxs dedi ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncə altındadır”