”İşə Nəsimi rayon Məhkəməsində baxılarkən də Baş Prokurorluğun nümayəndəsi laqeydlik göstərərək, bir neçə məhkəmə iclasına gəlməyib”
Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində hakimi Qail Məmmədovun sədrliyi ilə jurnalist Aynur Qənbərovanın (Elgünəş) ölkədən çıxışına icazə verilməməsi barədə şikayətə baxılıb.
Şikayət Nəsimi rayon Məhkəməsinin qərarından verilib.
Bu barədə vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, əvvəlcədən məhkəmənin yeri və vaxtı barəsində tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməyib. O, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməyib.
Vəkil Sadıqov bildirib ki, Nəsimi rayon Məhkəməsində baxılarkən də Baş Prokurorluğun nümayəndəsi işə laqeyd yanaşaraq bir neçə məhkəmə iclasına gəlməyib. Onun gəlməməsi səbəbindən proses bir neçə dəfə təxirə salınıb.
Növbəti proses iyunun 9-a keçiriləcək.
Vəkil əlavə edib ki, Aynur Elgünəşin ölkədən çıxışına Meydan TV-nin vəzifəli şəxslərinin barəsində Respublika Prokurorluğu tərəfindən başlanılmış cinayət işinə görə qadağa qoyulub.