Fariz Namazlı: ”İşgəncə faktları araşdırılmalıdır”
“Nardaran hadisələri zamanı həbs edilən Abbas Hüseynov və bir çox digər şəxslər işgəncəyə məruz qalmaları ilə bağlı prokurorluğa şikayət ediblər. Lakin onların şikayəti əsasında cinayət işinin başlanmasını prokurorluq rədd edib. Nə qədər ki prokurorluğun qərarı qüvvədədir və o qərardan şikayət verilməyib Bakı Ağır Cinayətlər Məhkəməsi işgəncə ilə bağlı deyilənləri araşdırmayacaq”.
Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Nardaran kəndində polisin 2015-ci il noyabrın 26-da keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (bandotdel) işgəncələrdən danışıb.
Onun sözlərinə görə, əməliyyat zamanı kənddə həbs edilən çoxsaylı insan ağır işgəncələrə məruz qalıb.
“Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların qundağı ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi “bandotdel”də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, “daha bu qədər də eləməyin də”, – T.Bağırzadə bildirib.
O deyib ki, “bandotdel”də “Şrek” ləqəbli biri var, vahiməli biridi, o, otağa girdi, başladı döyməyə.
“Üç gün ağlasığmaz işgəncələr verdilər. Elə mənəvi işgəncələr verirdilər ki, sonra özümə bir şey eləyəcəyimdən qorxub yanıma adam salırdılar”.
“Müsəlman Birliyi”nin digər təqsirləndirilən üzvü Abbas Hüseynov bildirib ki, uzun müddət, hətta yaxınları belə, onun sağ olduğunu bilməyib. “Çünki mənim öldürüldüyüm barədə yalan məlumat yayılıb”, – o, qeyd edib.
“İşgəncələrlə bağlı Zakir Qaralova məktub yazmışam. Mənə cavab gəlib ki, “sizi tutarkən heç əlinizi qandallamayıblar, öz xoşunuzla ifadə vermisiz”. Təsəvvür edin, bizi tutub maşında aparanda maskalılardan biri Əkbər qardaşımızın cəsədini göstərib deyirdi ki, “bunun qarnına güllələri mən doldurmuşam”. Məni gecədən səhərə qədər əli qandallı vəziyyətdə, başıma torba keçirib döyürdülər. Məcbur eləyirdilər ki, tutulanların əleyhinə ifadə verim. Məni elə vəziyyətə salmışdılar ki, sanksiya üçün məhkəməyə aparanda yeriyə bilmirdim, polislərdən ikisi qoluma girib aparırdı”, – A.Hüseynov deyib.
A. Hüseynov ona verilən işgəncələrlə əlaqədar Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şahid qismində məhkəmədə dindirilməsini istəyib.
T. Bağırzadə əməliyyat zamanı həyatını itirmiş polislərin və tərəfdarlarının polislər tərəfindən öldürüldüyünü deyib.
Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslər işgəncəyə məruz qaldıqlarını məhkəmənin diqqətinə çatdırıbsa, bu zaman məhkəmə təkrar araşdırma aparılması üçün prokurorluğa məlumat göndərə bilər.
“Amma nə qədər ki prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qüvvədədir, məhkəmə təkrar araşdırma aparılması üçün prokurorluğa müraciət göndərməyəcək”, – o, qeyd edib.
Vəkil hesab edir ki, kiminsə döyülərək öldürülməsi məhkəmə heyyətinin diqqətinə çatdırılıbsa, buna məhkəmə qiymət verməlidir.
“Çünki bu məsələ ibtidai istintaq dövründə araşdırılmayıb. Məhkəmə tərəfindən polis əməkdaşının digər polislər tərəfindən öldürülməsi müəyyən olunarsa, və ya Nardaran sakinlərinin ölümü ilə bağlı deyilənlər təsdiq olunarsa, məhkəmə xüsusi qərardad çıxarıb cinayət işinin başlanması üçün Respublika Prokurorluğuna göndərməlidir”.
T.Bağırzadə işgəncə ilə bağlı ibtidai istintaq dövründə şikayət verib və sonra şikayətini geri götürüb: “Bunun səbəblərini Bağırzadənin özü daha yaxşı bilər. Amma çox güman ki, Taleh Bağırzadə o zaman digər təqsirləndirilən şəxlərin işgəncəyə məruz qalmaması üçün bu addımı atıb. Yəqin ki, növbəti məhkəmə iclaslarında o, bu addımı hansı səbəbdən atdığını izah edəcək”, – o, qeyd edib.
Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin üzərində xəsarətləri təsdiq edən ekspert rəyləri var.
“Bu ekspert rəylərində xəsarətlər tam göstərilməsə də, təqsirləndirilən şəxslərdə hansı xəsarətlərin olması barədə məlumat var. Bu rəylər Respublika Prokurorluğunda araşdırılıb və hesab edilir ki, xəsarətlər onlar polisə müqavimət göstərərkən yaranıb. Yəni, xəsarətlər döyülmə nəticəsində deyil, müqavimət nəticəsində yetirilib”.
F.Namazlı müdafiə etdiyi Abbas Hüseynovla bağlı ekspert rəyində onun bədənində yüngül xəsarətlərin olduğunun yazıldığını deyib. Respublika Prokurorluğu qərar verib ki, bu xəsarətlər polisə müqavimət nəticəsində yaranıb. Biz prokurorluğun qərarından məhkəməyə şikayət vermişik və orada göstərmişik ki, xəsarət necə yaranıb və şahidlərin dəvət olunmasını xahiş etmişik. Eyni zamanda istintaq dövründəkı videogörüntülərin nümayiş etdirilməsini, tədqiq olunmasını istəyirik. Hazırda şikayətimizə baxılır”, – o, qeyd edib.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi işgəncələrlə və ölüm halları ilə bağlı məhkəmədə səslənən fikirlərə hələ münasibət bildirməyib.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun hadisələrdən sonra yaydığı məlumatda deyilir ki, T.Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər öldürülüb.
Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və Nardaran hadisələri zamanı saxlanılanlar, o cümlədən Taleh Bağırzadəyə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.