Prokurorluq icra başçısıyla bağlı məhkəmə qərarından narazı qalıb

Ceyhun Cəfərov. Mənbə: Kürdəmir Rayon İcra Hakimiyyəti

Ali Məhkəməyə kassasiya protesti verilib

Kürdəmir Rayon İcra Hakimiyyətində iki il əvvəl keçirilmiş əməliyyat nəticəsində həbs olunan icra başçısı Ceyhun Cəfərov və onunla birlikdə həbs olunan məmurlar haqqında qərar prokurorluğu narazı salıb. Söhbət Şirvan Apelyasiya Məhkəməsinin qərarından gedir.

Apelyasiya məhkəməsi sabiq icra başçısı və digər təqsirləndirilən şəxslərin cəzasını azaltmış, müsadirə ilə bağlı qərara da dəyişiklik etmişdi. Bir sıra əmlaklar vardı ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onların müsadirəsinə qərar versə də, apelyasiya məhkəməsi bu qərarı dəyişmiş, onların üzərində olan həbsi götürmüşdü. Söhbət daha çox icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Natiq Kərimovun əmlaklarından gedirdi.

Prokurorluq cəzaların azaldılmasından narazı deyil, amma bəzi əmlakların müsadirə olunmamasından narazıdır. Ona görə də Ali Məhkəməyə kassasiya protesti verib.

Üzərindən həbs götürülən əmlaklar arasında Bakıda mənzil, obyekt, Biləcəri qəsəbəsində torpaq sahəsi və Kürdəmir rayonunun müxtəlif kəndlərində, eləcə də şəhərin özündə torpaq sahələri vardı. Prokurorluq onların müsadirə olunmasını tələb edir.

Keçmiş icra başçısı Ceyhun Cəfərov da daxil olmaqla, təqsirləndirilən şəxslər rüşvət almaqda, büdcədən ayrılmış vəsaitləri mənimsəməkdə və digər əməllərdə ittiham olunur.

Bu ilin avqustunda Şirvan Apelyasiya Məhkəməsi 57 yaşlı Ceyhun Cəfərovun cəzasını 8 il 6 aydan 6 ilə endirib.

Ceyhun Cəfərov icra başçısı olarkən onun birinci müavini olmuş Tacəddin Novruzov, icra hakimiyyətinin keçmiş şöbə müdiri Natiq Kərimovun cəzası 8 il 6 aydan 5 il 6 aya endirilib. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Eynulla Novruzov, baş həkim Məhəmməd Musayev, rayonun Təhsil Şöbəsinin sabiq müdiri Mətləb Allahverdiyev, baş mühasibi Rəcəb Hüseynovun cəzası da 7 ildən 5 il 6 aya qədər azaldılıb. Yaşıllaşdırma İdarəsinin rəisi olmuş Emin Sadıqovun 4 illik cəzası da yarıbayarı azaldılaraq, 2 il olub.

Keçmiş icra başçısı məhkəmədə dindirilərkən özünü təqsirli bilməyib.

Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

Ana səhifəXəbərlərProkurorluq icra başçısıyla bağlı məhkəmə qərarından narazı qalıb