Prokurorluq: Həyat yoldaşını və qızlarını öldürüb zirzəmidə basdırdı

Cinayəti törətməkdə şübhəli bilinən ata və oğul həbs ediliblər

Source:
Respublika Prokurorluğu foto sosial şəbəkə


Cinayəti törətməkdə şübhəli bilinən ata və oğul həbs ediliblər

“Salyan sakini Fərhad Əliyev 3 il öncə oğlu Fəqan Əliyevlə birgə həyat yoldaşı Mehparə Əliyeva və dörd qızını öldürüb. Meyitləri isə yaşadıqları evin zirzəmisində basdırıblar”.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Salyanda 3 il əvvəl baş vermis cinayət haqda yaydığı birgə məlumatda belə deyilir. Bildirilir ki, hazırda ana və dörd övladının qalıqları çıxarılır:

“Ata cinayəti oğlu ilə birgə törədib. Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır”.

Məlumatda bildirilir ki, fakta görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

“Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar. Onlar törətdikləri cinayəti etiraf ediblər. Hadisəni sərxoş vəziyyətdə törətdiklərini bildiriblər. Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Salyanın “Zavod” məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı – İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda “Xəzər TV”-də yayımlanan “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Ana səhifəXəbərlərProkurorluq: Həyat yoldaşını və qızlarını öldürüb zirzəmidə basdırdı