Prokurorluq əsgərin özünü güllələyərək öldürdüyünü deyir (yenilənib)

Foto: Nahid Əziməmmədovun yaxınlarının arxivindən

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məlumatı Meydan TV-yə təsdiqləyiblər. Amma bildiriblər ki, əsgərin nəşi hələ ki qəsəbəyə gətirilməyib.


Firad Əliyev: “Cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır”

Azərbaycan Ordusunun əsgəri Nahid Əziməmmədovun özünü güllələyərək öldürdüyü bildirilir.

Məlumatı Azərbaycan Hərbi Prokurorluğunu mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev yayıb.

Firad Əliyevin sözlərinə görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Nahid Əziməmmədovun dekabrın 5-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub:

“Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Firad Əliyev olayla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin başlanıldığı qeyd edib.

O, şahidlərin dindirildiyini, müvafiq ekspertizaların təyin edildiyini və təxirəsalınmaz zəruri istintaq hərəkətlərin həyata keçirildiyini əlavə edib.

Nahid Əziməmmədov Ələt qəsəbəsinin sakini idi. Meydan TV onun yaxınları ilə əlaqə saxlaya bilməyib.

Bu, son bir neçə gündə ikinci hadisədir. Dekabrın 1-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Nuriyevin odlu silahdan özünə xəsarət yetirməsi haqda məlumat yayılmışdı.

Ana səhifəBölgəProkurorluq əsgərin özünü güllələyərək öldürdüyünü deyir (yenilənib)