Cəbrayıllı aksiyaçıların apellyasiya şikayətinə baxılıb
Yanvarın 16-da Şirvan Apellyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyilə Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin etirazı zamanı həbs olunanların apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu haqda vəkil Elçin Sadıqov Meydan TV-yə məlumat verib.
Vəkilin deməsinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi maraqlar arasında ziddiyyət olduğunu göstərərək bir vəkilin 4 nəfərə vəkillik edə bilməyəcəyi barədə məhkəməyə məktub göndərib.
“Əslində, maraqlar arasında heç bir ziddiyyət yoxdur və məhbusların hamısı cinayət törətmədiyini, polisə daş atmadığını, zərər vurmadıqlarını, təqsirsiz olduqlarını deyiblər. Prokurorluğun məktubu onların müdafiə hüququnun pozulmasına yönəlib, bu, birmənalıdır. Məqsəd onları apelyasiya şikayəti vermək imkanından məhrum etməkdir”, vəkil bildirib.
Şirvan Apellyasiya Məhkəməsi prokurorluğun məktubunu əsas gətirərək apellyasiya şikayətlərini qeyri-mümkün hesab edib.
Vəkil prokurorluğun məktubunun qanunsuz olduğunu deyib.
“Qanunvericiliyi görə, əgər, doğrudan da, maraqlar arasında ziddiyyət olarsa, bu halda məktub göndərilməməlidir, qərar qəbul edilməlidir. Həmin qərardan da Baş Prokurorluğa və məhkəməyə şikayət vermək hüququmuz var, bundan istifadə edə bilməliyik. Ancaq nə belə bir qərar verilib, nə də məktub barədə vəkilləri məlumatlandırıblar”, deyən vəkil Baş Prokurorluğa şikayət edəcəyini bildirib.
E.Sadıqov həmçinin deyib ki, apellyasiya şikayətlərini məhbusların özlərinə imzalatdırdıqdan sonra onların özlərinin adından məhkəməyə təqdim edib. Həmin şikayətlərə yaxın günlərdə baxılacağı gözlənilir.
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Həmin aksiyadan sonra 3 nəfər saxlanılıb. Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.
Daha sonra 2 nəfər də eyni ittihamla həbs edilib.