Prokurorluğa sığınan 9 insan hekayəsi

İyulun 20-də Baş Prokurorluğun binası önündə aksiya keçirilib. Prokurorluğun qarşısına toplaşan vətəndaşların hərəsinin bir hekayəsi var. Kimisi illərlə bura ayaq döyür, kimisi digər dövlət qurumlardan ümidini üzüb, son ünvan kimi prokurorluğa gəlib. Bura gəlmək üçün saatlarla yol qət edənlər də var.

“Biz Lənkəran rayonundan gəlmişik. Həyətimizin qapısında qanunsuz olaraq çayxana tikdiklərinə görə etiraz etmişik. Etirazımıza görə 35 nəfər mütəşəkkil dəstə ailəmizə hücum edib. 35 nəfərlik dəstə 102 xidmətinin əməkdaşlarının yanında mənim ailəmə xəsarət yetirib. Yoldaşımı xəstəxanalıq ediblər. O, 15 gün Lənkəran rayon xəstəxanasında yatsa da, rəy verilməyib”.

Şikayətçinin sözlərinə görə, bel sümüyünün sınmasına dair rəyi Patoloji Anatomiya Mərkəzindən alıblar. O, Daxili İşlər Nazirliyinə və prokurorluğa müraciətlərinin də cavabsız qaldığını deyir.

Təranə Xanəlizadə isə oğlunun qanunsuz olaraq həbs edildiyini və işgəncə gördüyünü bildirir:

“Oğlumun xəstə gözünü də çıxarıblar. O, artıq görmür. Toka veriblər oğlumu. Bu, nə qanunsuzluqdur? Əzabla uşaq böyütmüşəm, indi onu kor ediblər. İməkləyə-iməkləyə, pis vəziyyətdə qalıb. İşgəncə verirlər ki, ölüm işinin boynuna alsın”.

Ana bildirir ki, Bakı şəhər prokuroru Əziz Seyidovun qəbulunda 20 dəfə olub. Prokuror şikayətinə baxılacığını bildirsə də, nəticəsini hələ görməyib.

İndi də Baş Prokurorluqdan mədət umur.

İsa İsayevin də dərdi övlad dərdidir. O deyir ki, qızı Afaq Süleymanovanı 14 noyabr 2012-ci ildə millət vəkili Fərəc Quliyevin oğlu maşınla vurub:

“Hazırda qızım ağır dərəcəli bədən xəsarətləri, kəllə-beyin travması ilə ikinci qrup əlildir. Zərərçəkən tam məlumdur. Bunlara baxmayaraq, Şəfayət İmranov və qeyriləri qəsdən cinayət işini bu tərzdə aparırlar ki, xitama doğru yönəltsinlər”.

Əlində qolunun göyərmiş vəziyyətdə olduğu şəklini tutan Roza Hümbətova da şikayətə gələnlərdəndir:

“Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, təhqiqatçısı Vüqar Şəbəndiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Preziden Aparatından Zeynal Nağdalıyev, bizim 2013-cü ildə aldığımız torpaq sahəsini və içində olan 1 otaqlı evi 2015-ci ilin martında zəbt ediblər. Ağacları qırırdılar, mən niyə qırdıqlarını soruşdum, çantamı, açarımı əlimdən aldılar. Sonra məni döyüb, evin içinə girdilər. O vaxtdan bu günə qədər təhqiqat gedir”.

Başqa bir şikayətçi Flora Alcanova qardaşına qarşı qondarma cinayət işi açıldığını deyir:

“Prokurorluğa da ona görə gəlmişik ki, qardaşıma prokuror Fəxri Babazadə və Tahirismayılov tərəfindən qondarma cinayət işi açılıb. Əldə də  heç bir sübut yoxdur”.

Yelena Yusubova gileylənir ki, 3 ildir Zakir Qaralova, Yasamal Rayon Prokurorluğuna müraciət edir. Şikayətlərinə isə baxılmır:

“Mənə əziyyət verirlər, incidirlər, Səbail rayol polis bölməsinə aparıb qorxuzurlar. Nəyə görə? Hüquqlarım pozulub, mən də tələb edirəm. Yasamal rayon İcra Hakimiyyəti, “Gilan” Holdingin rəhbərləri torpaq sahəmi əlimdən alıblar. Prokurorluq baxmır. Ədalətli kompensasiya vermirlər”.

Aliyə Təmrazova deyir ki, ona bu bina çox tanışdır. O, 6 ildir az qala hər gün işə gedirmiş kimi, şikayət etmək üçün bura gəldiyini söyləyir:

“2 dəfə məni qanunsuz psixatriya xəstəxanasına yerləşdiriblər. Küçədən oğurlayıb aparıblar. Heç bir məhkəmə qərarı olmadan. Bunu edən Fövqəladə Hallar Nazirliyinin, Gömrük Komitəsinin işçiləri olub. Neçə dəfə məni burada təhqir ediblər. Xuliqan, oğru deyiblər bizə, barmaq göstəriblər”.

Gülnarə Nəcəfova da şikayətlərini dilə gətirir. Onun söyləməsinə görə, beşmərtəbəli binalarının həyətini saxta sənədlər əsasında əllərindən alıblar.

“Bizim ümumi istifadəmizdə olan torpağı zəbt edən kimdir? Salyan rayonunun keçmiş icra başçısı Taleh Kərimovun bacanağı Hüseyn Rzayev tikinti aparır orada. O da Ali Məhkəmənin sədri Ramiz Rzayevin qohumudur. Baş Prokurorluğa dəfələrlə müraciət etmişəm. Zakir Qaralovun qəbuluna buraxmırlar”.

Mədinə Həcəliyeva isə qızının 4 uşaqla küçələrdə qaldığını deyir. O da şikayətə gələnlərdəndir:

“Ev dəllalı dələduzluq edib, onları didərgin salıb. Nə pulunu verir, nə ev alır. 5 ildir uşaq çöllərdədir. Onlar küçələrdə yatırlar. Aliment kəsilsə də, ala bilmirlər. 5 dəfə Zakir Qaralovun qəbulunda olmuşam. Heç kəs baxmır bu işə”.

Ana səhifəVideoProkurorluğa sığınan 9 insan hekayəsi