Prokurordan Nurəddin Xocaya 5 il 6 aylıq cəza tələbi

Baş redaktorun məhkəmə istintaqı yekunlaşıb

Source:

Baş redaktorun məhkəmə istintaqı yekunlaşıb

Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza haqda yazılara görə cəzalandırılan daha bir sayt rəhbərinin məhkəməsi yekunlaşır. “Teref.info” saytının baş redaktoru, Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılovun (Xoca) işi üzrə məhkəmə istintaqı başa çatıb.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən prosesdə prokuror çıxış edərək, N.Xocanın 5 il 6 ay azadlıqdan məhrum edilməsini, lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunub, cəzanın şərti hesab olunmasını istəyib. Təklif edib ki, şərti cəza üçün iki il sınaq müddəti təyin olunsun.

Prokurorun sözlərinə görə, N.Xocanın rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlar olması sübuta yetirilib.

Ötən məhkəmə iclasında N.Xocanın vəkili Elçin Sadıqov “teref.info” saytında Gəncə və Mingəçevir hadisələri barədə yazılara rəy vermiş ekspert Bəxtiyar Əliyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmışdı. Ekspertiza rəyində iş materiallarına əlavə olunmuş yazılarda dövlət əleyhinə çağırışlar olduğu iddia edilir.

Vəkil bildirmişdi ki, B.Əliyev gəlsin, rəyini əsaslandırsın: “Çünki həmin yazılarda dövlət əleyhinə heç bir çağırış yoxdur”.

Martın 18-də məhkəmədə hakim elan edib ki, ekspertin dindirilməsi barədə vəsatət təmin olunmur.

N.Xocaya qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir və rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlar olmadığını bildirir. Onun sözlərinə görə, yazılar başqa saytlardan, o cümlədən “musavat.com”dan götürülüb: “Mənim saytımda sadəcə, harın məmurlar tənqid olunub”.

Ana səhifəXəbərlərProkurordan Nurəddin Xocaya 5 il 6 aylıq cəza tələbi