Təqsirləndirilən şəxslər dələduzluq və saxta sənəd hazırlamaqda ittiham olunurlar
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və onunla birlikdə mühakimə olunan bacısı İlknur Turqut Əliyevanın işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror Aytac Əliyevanın 9 il, bacısının isə 8 il azadlıqdan məhrum edilməsini istəyib.
İlknur Turqut Əliyeva məhkəmə dövründə ev dustaqlığına buraxılıb.
Prokuror çıxışında onun da hökm elan olunanda məhkəmə zalında həbs olunmasını təklif edib.
Təqsirləndirilən bacılara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320 (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısıyla məşğul olan, geniş əlaqələrə sahib şəxslər kimi təqdim edərək müxtəlif adamları aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, bacılar zərərçəkmişləri aldadaraq ətraflarında yüksək vəzifəli şəxslərin olduğunu deyib.
Onlar üçün zinət əşyalarını həmin məmurlara sata biləcəklərini vəd edib.
Keçmiş bələdiyyə sədri həmçinin Binəqədi rayonu ərazisində torpaq satmaq, işə düzəltmək adıyla dələduzluq etməkdə, müxtəlif ərazilər üçün saxta sənədlər düzəldib, adamlardan pul almaqda ittiham olunur.
Bacılar ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluqda ittiham olunur.
Noyabrın 14-də məhkəmə iclasında prokurordan əvvəl Aytac Əliyevanın vəkili Ceyhun Yusifov onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Onun sözlərinə görə, Aytac Əliyeva ağır xəstədir, bu, Penitensiar Xidmətin Müalicə Müəssisəsindəki müayinələr nəticəsində də təsdiqlənib.
Vəkilin sözlərinə görə, Aytac Əliyevanın həbs şəraitində müalicəsi mümkün deyil.
Vəkilin ev dustaqlığıyla bağlı vəsatəti təmin olunmayıb.
Bu cinayət işi üzrə məhkəmə iclaslarında bir çox hallarda zərərçəkmişlərin bəzilərilə təqsirləndirilən bacılar arasında mübahisə, qalmaqal yaranır.
Noyabrın 14-də keçirilən məhkəmə iclası da bu mənada səs-küylü olub.
Aytac və İlknur Əliyeva bacıları özlərini təqsirli bilmir.
Onlar iddia edir ki, zərərçəkənlərin bir çoxu verdikləri pulun məbləği və s. məsələlərdə yalan danışırlar.
Təqsirləndirilən bacılar həm də istintaqı vurulan ziyanın məbləğilə bağlı rəqəmləri şişirtməkdə, araşdırmaları qərəzli aparmaqda ittiham edir.
“Müstəntiqin nə marağı vardı ki, dindirmələrdə adamlara desin ki, “mütləq Aytac Əliyevanın adını çək, pulu ona verdiyini de?” Biz bu cür məsələlərə görə müstəntiqi məhkəməyə çağırıb dindirmək istəyirdik. Təəssüf ki, məhkəmə bu barədə vəsatətimizi təmin eləmədi”, – Aytac Əliyeva məhkəmədə bildirib.
O, əlavə edib ki, həbsindən əvvəl etiraz olaraq, intihara cəhd edib: “Özümü zəhərləmişdim. Bu barədə sənədlər iş materiallarında da var…”
Prokurorun çıxışından sonra təqsirləndirilən bacıların vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Aytac Əliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sədr müavini olub.