Prokuror Vaqif Xaçaturyana 15 il həbs cəzası istədi

Vaqif Xaçaturyan. Foto: Meydan TV

Hadisə 1991-ci ildə baş verdiyindən təqsirləndirilən şəxsə həmin dövrün qanunlarına uyğun cəza istənilir

Noyabrın 7-də prokuror Vaqif Xaçaturyana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Vaqif Xaçaturyan 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunur.

Bu məhkəmə prosesində ittihamçı prokurorlardan biri – Müqəddəs Sultanov (o həm də Baş prokurorun köməkçisidir-red.) çıxış edərək deyib ki, Vaqif Xaçaturyana qarşı ittihamlar məhkəmədə dindirilən şəxslərin ifadələri və başqa sübutlarla təsdiqlənib.

Prokurorun sözlərinə görə, Vaqif Xaçaturyanın ittiham olunduğu cinayətlər 1991-ci ildə baş verdiyindən ona həmin dövrün qanunlarına uyğun cəza istəyir. Dövlət ittihamçısı vurğulayıb ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara şəxsin hadisə baş verən vaxt qüvvədə olan qanunvericilik əsasında cəzalandırılmasını nəzərdə tutur. Həmin vaxt qüvvədə olan cinayət qanunvericiyilində soyqırım, müharibə cinayətlərinə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdu.

Azərbaycanın hazırkı cinayət qanunvericiliyində isə 14 ildən 20 ilə qədər və ya ömürlük həbs nəzərdə tutulub.

Bundan başqa, prokuror əlavə edib ki, Azərbaycanda 65 yaşdan yuxarı olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsi qadağandır.

Vaqif Xaçaturyanın məhkəməsi. Foto: Meydan TV

Müqəddəs Sultanov təklif edib ki, Vaqif Xaçaturyana veriləcək 15 illik cəzanın ilk 5 ilini o, həbsxana rejimində, qalan 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Prosessual qaydalara görə, məhkəmədə çıxışlar mərhələsində prokurordan sonra təqsirləndirilən şəxsin vəkili çıxış edir. Daha sonra özü son sözünü deyir. Sonda isə hökm oxunur.

Vaqif Xaçaturyanın məhkəməsində günorta saat 14.00-a qədər fasilə elan edilib.

Vaqif Xaçaturyan Meşəli hadisələrində iştirakı barədə ittihamları qəbul etmir. O, özünü təqsirli bilmir. Məhkəmədə də bildirib ki, törətmədiyi cinayətə görə mühakimə olunur.

1955-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi.

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Ana səhifəSiyasətProkuror Vaqif Xaçaturyana 15 il həbs cəzası istədi