Keçmiş prezident fırıldaqçılıqla sərvət əldə etməkdə və maliyyə saxtakarlıqlarında ittiham edilir
Nyu-Yorkun baş prokuroru eks prezident Donald Trampı daşınmaz əmlak imperiyası haqqında yalan danışmaqda, fırıldaqçılıq vasitəsilə 100 milyon dollardan çox gəlir əldə etməkdə ittiham edib.
Həmçinin o, 2011-ci ildən 2021-ci ilə qədər əlverişli bank kreditləri və aşağı sığorta haqları əldə etməklə aktivlərini və şəxsi sərvətini şişirtməkdə ittiham edilir. Prokuror bildirib ki, Tramp bu yolla sərvətini 2,2 milyard dollara qədər şişirdib. Qiymətləndirməsi şişirdilən mülklərin bunlar olduğu bildirilir: Manhettendəki “Trump Tower” penthaus mənzili, Floridadakı “Mar-a-Laqo” mülkü və müxtəlif ofis qüllələri və qolf klubları.
Donald Tramp Nyu-Yorkun baş prokuroruna və məhkəmənin hakiminə bu suçlamalara görə etiraz edib.
Baş prokuror Letitia Ceyms bu qanun pozuntularına görə Trampın 250 milyon dollar cərimə edilməsini tələb edib. Həmçinin, Tramp və oğullarına biznes qadağası qoyulmasını istəyib.
Bildirib ki, “Trump Organization”-a beş illik kommersiya işləri ilə məşğul olmaq qadağası qoyulmalıdır.
Tramp məhkəmə başlamazdan əvvəl jurnalistlərə prokuror Ceyms barədə “fırıldaqçı və saxtakardır” deyib. “Hakim isə vəzifəsindən kənarlaşdırılmağa layiqdir”, – o bildirib. Trampın vəkili Kristofer Kise açılış bəyanatında Trampın maliyyə vəsaitlərinin tamamilə qanuni olduğunu söyləyib.
“O, daşınmaz əmlak investisiyaları haqqında sözün əsl mənasında haqlı olaraq sərvət qazanıb”,- vəkil deyib.
Bu, Trampla bağlı ilk məhkəmə çəkişməsi deyil. O, həmçinin maliyyə boşalmasına səbəb olan bir sıra digər hüquqi problemlərlə də üz-üzədir. Həmçinin, ona qarşı Vaşinqtonda 2020-ci il prezident seçkilərində məğlubiyyətini geri qaytarmaq səylərinə görə, Corciyada seçkilərin nəticələrini ləğv etmək cəhdlərinə görə, Floridada vəzifədən gedən zaman məxfi sənədlərlə işləməsinə görə və Nyu-Yorkda səssiz pul ödəmələrinə görə cinayət işləri açılıb.
Tramp bütün iddiaları rədd edib və özünü təqsirli bilmir.