Prokuror Taleh Bağırzadəyə ömürlük iş istədi

Taleh Bağırzadə: “Biz bu zalım rejimdən xilas olmaq, xalqımızın azad olmasını istəyiriksə, qurban verməyi də bacarmalıyıq”

Source:

Taleh Bağırzadə: “Biz bu zalım rejimdən xilas olmaq, xalqımızın azad olmasını istəyiriksə, qurban verməyi də bacarmalıyıq”

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı “Nardaran işi” üzrə təqsirləndirilən şəxslərə iş istəyib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror məhkəmədən təqsirləndirilən şəxslərə iş istəməzdən öncə Taleh Bağırzadə məhkəməni izləməyə gələn özünün və digər təqsirləndirilən şəxslərin yaxınlarına müraciət edib:

“Xahiş edirəm, hansı cəzanı istəmələrindən asılı olmayaraq, ağlamayın. Belələrinin qarşısında sınmayın. Dözümlü olun. Şəxsən mən özümə ömürlük gözləyirəm. Əgər bundan daha ağır cəza –  edam olsaydı, Azərbaycan hökuməti görərdi ki, hətta ölümə də gülə-gülə gedən oğullar var. Biz bu zalım rejimdən xilas olmaq, xalqımızın azad olmasını istəyiriksə, qurban verməyi də bacarmalıyıq”.

Prokuror Nəsir Bayramov Taleh Bağırzadənin ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Dövlət ittihamçısı həmçinin Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Prokuror bildirib ki, təqsirləndirilənlərə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Amma dövlət ittihamçısı məhkəmədə araşdırılmış sübutlardan yalnız Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının ifadələrinə istinad edib. Nəsir Bayramov bildirib ki, ifadələrindən imtina edən şahidlərin çoxu təqsirləndirilən şəxslərlə yaxın münasibətdə olduqları üçün onların ifadələrinə tənqidi yanaşmaq lazımdır.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 9-da davam etdiriləcək.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərProkuror Taleh Bağırzadəyə ömürlük iş istədi