22 yanvarda Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi ilə bağlı sonuncu şahidlər dindirilib. Sürücü Müşfiq Quliyev ondan polis idarəsində ifadə alınmadığını, sadəcə imza atdığını bildirib. Hakim Şövkət Nəcəfovanın suallarına cavab olaraq sürücü deyib ki, gözləri zəif görsə də , avtobus sürmək üçün sürücülük vəsiqəsi olmasa da o, 9 saylı avtobusda sürücü işləyir. Hadisəni də yolüstü görüb. İttiham aktında mübahisənin 15-20 dəqiqə çəkdiyi yazılsa da, şahid bunu təkzib edib. O deyib ki, 1-2 dəqiqə hadisə yerinə baxıb və polis maşınını gördüyü üçün ərazidən uzaqlaşıb. İttiham aktında şahidin Seymur Həzinin Məhərrəm Həsənova yumruq və təpik vurduğunu gördüyü yazılıb, amma şahid məhkəmədə onun adından yazılanları görmədiyini deyib.
Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bilal Nəbiyev hadisə yerinə baxış keçirilən zaman Seymur Həzidən necə ifadə aldığını açıqlaya bilməyib. O, mexaniki səhvdir deyərək, protokolu yazarkən saata baxmadığını və saata baxmağın qocalıq əlaməti olduğunu deyib.
Daha sonra prokuror Əhəd İbrahimov çıxış edib. O, jurnalistin 6 il azadlıqdan məhrum edilməsini, Seymur Həzi ilə mübahisə edən Məhərrəm Həsənovun isə 9 aylıq həbsini istəyib. Prokurorun çıxışına jurnalist Seymur Həzi : “İlham Əliyevə elədiklərimin qarşılığında 6 il həbs nədir ki?!” deyə münasibət bildirib.
AXCP sədri Əli Kərimli Seymur Həzinin jurnalist fəaliyyətinə görə həbs edildiyini deyir. O, məhkəmədən ədalətli qərar gözləmədiyini bildirir.
“Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzi Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham olunur. Jurnalist bu ittihamı qəbul etmir və həbsini fəaliyyəti ilə bağlayır.