Onun əmlakının müsadirəsi də tələb olunur
Şəmkirin keçmiş icra başçısı, 2 il 5 aydır həbsdə olan Alimpaşa Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Sentyabrın 26-da Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, onun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında bildirib ki, Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələrilə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.
Prokuror həmçinin sabiq icra başçısı və onun yaxınlarına məxsus, hazırda üzərində həbs olan əmlakların müsadirəsinə qərar verilməsini də təklif edib.
Qaydalara görə, dövlət ittihamçısından sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqilə çıxış etməlidir. Sabiq icra başçısının vəkili isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə oktyabrın 3-nə qədər vaxt verib.
İttihama görə, ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib.
Hələ məhkəmə prosesinin əvvəlində ittihama münasibət bildirən sabiq icra başçısı özünü təqsirli bildiyini, sadəcə, cinayət işinin materiallarında yazılan müəyyən məqamlarla razılaşmadığını demişdi:
“Mən müəyyən mənada qanunsuzluq eləmişəm. Amma məqsədim şəxsi mənafeyim olmayıb. Rayonda iş yerləri açmışam. Elə sahələr var ki, ora büdcədən vəsait ayrılmır. Qeyri-rəsmi ödənişlər hesabına biz o işləri görürdük”.
İttihama əsasən, Şəmkirdə müxtəlif bələdiyyələrin təsis etdiyi iri müəssisələrə məxsus, dəyəri milyonlarla olan paylar icra başçısının göstərişiylə onun oğlunun adına keçirilib. Məsələn, Şəmkir Şəhər Bələdiyyəsinə məxsus “Abad Şəmkir” MMC-nin (zavod) 1 milyon 335 min manat dəyərində payı 2018-ci ildə Alimpaşa Məmmədovun oğluna satılıb. Satış isə cəmi 180 manata rəsmiləşdirilib. İki il sonra – 2020-ci ildə isə Adil Məmmədov da müəssisəni Fərid İslamzadənin adına keçirib.
Çinarlı bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə “Şəmkir səbəti” MMC-yə 40 manata satılıb. Bu şirkətin də rəsmi sahibləri keçmiş icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyevdir.
Bundan başqa, ittihamda yazılıb ki, Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.
O, həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.
Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzilin də rüşvət kimi verildiyi iddia olunur. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2 ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə iki mənzili alıb. İki mənzilin ümumi dəyəri 700 minə yaxındır.
Alimpaşa Məmmədova 132 epizod üzrə ümumilikdə 1 milyon 700 min manatdan çox rüşvət almaqla bağlı ittiham verilib.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının sonuncusu Alimpaşa Məmmədov olub.