19 yaşlı Arif Rəhimov 2 nəfərin ölümünə, 3 nəfərin xəsarət almasına səbəb olub
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, “Polis” qəzetinin baş redaktoru Qalib Rəhimovun (Qalib Arif) oğlu Arif Rəhimova prokuror 8 il həbs cəzası istəyib. 19 yaşlı Arif Rəhimov iki nəfərin ölümü, daha üçünün xəsarət almasına səbəb olmuş yol qəzasına görə həbs edilib.
Hadisə 2017-ci il sentyabrın 7-də Bakı-Ələt yolunda baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanmış, Seymur Məmmədova məxsus “Toyota Prado” markalı maşına vurub. Bundan sonra Arif Rəhimov idarəetməni itirib və bu dəfə Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel”ə çırpılıb. “Opel”in sürücüsü Füzuli Məmiyev və onun maşınında olan qohumlarından Kamal Məmmədov hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı Arif Rəhimov özü də yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Qəzanın Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verdiyi bildirilir.
Arif Rəhimov BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi idi.
Arif Rəhimov məhkəmədə özünü qismən təqsirli bilib.
Qalib Arif özü də bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Çünki “Subaru” ona məxsus olub. Oğlu maşını etibarnamə əsasında idarə edib. Hadisə vaxtı etibarnamənin də müddəti bitib.