Prokuror müdafiə nazirinin sabiq müavininə iş istədi

Mehman Səlimov məhkəmə tərkibinə etiraz edib

Source:
Mehman Səlimov
Mehman Səlimov


Mehman Səlimov məhkəmə tərkibinə etiraz edib

Aprelin 8də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə M. Səlimovun vəkili məhkəmə tərkibinə etirazla bağlı vəsatət verib. Bildirib ki, proses zamanı verilən vəsatətlərin heç biri təmin edilməyib, M. Səlimovun hüquqları pozulub: “Hakimlər müşavirə otağında prokurorla məsləhətləşirlər. İttiham tərəfi yalnız öz sübutlarını araşdırır. Müdafiə tərəfinin vəsatətləri istisnasız olaraq rədd edilir”. M. Səlimov da vəkili ilə razı olduğunu bildirib.

Hakim Zeynal Ağayev isə bildirib ki bu cür vəsatət Bakı Apellyasiya Məhkəməsinə verilə bilər.

Prokuror isə vəsatətin rədd edilməsini istəyib. O da bildirib ki vəsatət düzgün ünvanlanmayıb.

Məhkəmə müşavirədən sonra vəsatətin baxılmamış saxlandığını, məhkəmə istintaqının tamamlandığını elan edib.

Daha sonra prokuror çıxış edərək M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 15-də davam etdiriləcək.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. M. Səlimov 1995-99-cu illər ərzində müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub.

Ana səhifəXəbərlərProkuror müdafiə nazirinin sabiq müavininə iş istədi