Prokuror məhkəmənin Elçin Həsənovla bağlı qərarından narazıdır

Ali Məhkəmə dövlət ittihamçısının protestinə baxacaq

Source:
Elçin Həsənov – foto: sosial şəbəkə
Elçin Həsənov – foto: sosial şəbəkə


Ali Məhkəmə dövlət ittihamçısının protestinə baxacaq

Yanvarın 17-də Ali Məhkəmə AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavini Elçin Həsənovun barəsində çıxarılmış məhkəmə qərarına təkrar baxacaq. Belə ki, dövlət ittihamçısı Rizvan Şamməmmədov Apelyasiya Məhkəməsinin qərarından etiraz verərək ittihamın daha ağır maddəyə – CM-in 221.3-ci maddəsinə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilməsini və cəzanın 3,5 il müddətinə azadlıqdan məhrum etməyədək sərtləşdirilməsini tələb edir.

Bu barədə məlumatı Elçin Həsənov öz “Facebook” səhifəsində paylaşıb. KİV-ə və hüquq müdafiəçilərinə müraciət edən siyasi fəal deyir ki, cinayət işinə 2015-ci ilin fevralında onunla “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərov arasındakı insident səbəb olub:

“İnsidentdən sonra 102-yə şikayət etsəm də, ötən ilin martında bu fakt üzrə mənim özümə qarşı CM-in 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb.

İyunun 1-də məhkəmə 1 il müddətinə icbarı işə cəlb edilmə barədə qərar çıxarıb. Bir ay sonra prokurorluq bu qərardan protest verib. Lakin Apelyasiya Məhkəməsi cəzanı sərtləşdirməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 6 aydan sonra, noyabrın 24-də prokuror Rizvan Şamməmmədov Apelyasiya Məhkəməsinin qərarından da kassasiya protesti verib və cəzanın sərtləşdirilməsini tələb edib”.

Elçin Həsənov prokurorun bu addımının siyasi xarakter daşıdığını, onun ictimai və siyasi fəaliyyəti ilə əlaqədar olduğunu düşünür.

Protestə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Dövlət ittihamçısı məhkəmə prosesində Elçinə Həsənovun 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi. O, məhkəmənin qərarı ilə razılaşmır.

Ana səhifəXəbərlərProkuror məhkəmənin Elçin Həsənovla bağlı qərarından narazıdır