Prokuror İbrahimovlarla bağlı ittiham aktını təqdim edib

Şahidlər məhkəməyə gəlməyib

Source:


Şahidlər məhkəməyə gəlməyib

Noyabrın 16-da Yasamal Rayon Məhkəməsində Heydər Əliyevin postamentinə şüar yazıldıqdan sonra narkotik ittihamı ilə həbs edilən “NİDA” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və atasının növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Hüseyn Səfərovun sədrlik etdiyi iclasda prokuror gənc fəal və atası haqqında ittiham aktını elan edib. İbrahimovlar isə özlərini təqsirli bilməyiblər.

Daha sonra onlara ifadə vermək təklif edilib. Lakin onlar şahidlərdən sonra ifadə vermək istəyiblər. Şahidlər məhkəməyə gəlmədikləri üçün məhkəmə iclası noyabrın 23-də davam edəcək.

Şahidlər arasında hörmətsizlik olunduğu iddia edilən hakimlər də var. Onlardan Vüqar Məmmədov bir müddət öncə Gəncə Hərbi Məhkəməsinə sədr təyin olunub.

Q.İbrahimov və atası Həsən İbrahimov CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunur. Onlar iyunun 5-də Bakı Apelyasiya Məhkəməsində Qiyasın 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxan hakimlər – Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramova hörmətsizlikdə, onları təhqir etməkdə təqsirləndirilir.

Q.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.


XATIRLATMA

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, «Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…» deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilir. İttiham təsdiq olunarsa, onu 6 aya kimi həbs gözləyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bir sıra siyasi işlərdə mübahisəli qərarlar verib. O, bu yaxınlarda səhhətində yaranan problemə görə xəstəxanaya düşüb.

Ana səhifəXəbərlərProkuror İbrahimovlarla bağlı ittiham aktını təqdim edib