Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Vüqar Quliyev sədrlik edib. Hakim istintaqın yekunlaşdığını bildirib.
Bundan sonra dövlət ittihamçısı çıxış edib. O, Tağıyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Növbəti məhkəmə prosesi aprelin 3-nə təxirə salınıb.
Novruz Tağıyev 2025-ci il mayın 20-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsi ilə ittiham edilir.
Ev alqı-satqısı ilə məşğul olan N.Tağıyev müştəri kimi özünü təqdim etmiş Nicat Abbasov adlı şəxsin 70 min manatını ələ keçirməkdə suçlanır.
AXCP üzvü ittihamları qəbul etmir, bunların qurama olduğunu bildirir.
Hazırda Əli Kərimli də daxil AXCP-nin 20-dən çox üzvü həbsdədir.
Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.
Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.