Vəkillər çıxış üçün vaxt istəyiblər
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan “NİDA” üzvü Elgiz Qəhrəmanın növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində E. Qəhrəmandan götürüldüyü iddia edilən narkotik vasitəni ekspertizadan keçirmiş Gülşən Hümbətova ifadə verib. O, vəkillərin suallarını cavablandırıb. Ekspert bildirib ki, narkotik vasitəni Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Kamil Məmmədov şöbəyə gətirib: “İş bizim şöbəyə daxil olur və sonra aktlaşdırılır. Ümumiyyətlə, iş vaxtından sonra da bizim idarəyə narkotik vasitə ekspertiza üçün götürülür. Bu hadisə ilə bağlı da zərfdə bir ədəd salafan bükümdə narkotik maddə gətirildi. Biz test üsulu ilə bu maddənin hansı narkotik mənşəli bitkiyə xas olmasını aydınlaşdırdıq. Bu tədqiqatın araşdırılması üçün bizə yarım saat vaxt tələb olunur. Rəylə birlikdə isə 1 saat ekspertiza aparılır. Mən işimi qurtarandan sonra narkotik vasitəni şöbə rəisinə təqdim edirəm. Qalan işləri şöbə rəisi həyata keçirir. Möhürləmək və ya digər məsələləri nəzərdə tuturam”.
E.Qəhrəmanın vəkili Fariz Namazlı isə vəsatətlə çıxış edib. O bildirib ki, narkotik vasitənin əldə olunan mənbəyi ilə bağlı ayrılmış cinayət işi üzrə hər hansı istintaq hərəkətlərinin həyata keçirilməsi məlum deyil. O, bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sorğu verilməsi üçün vəsatət qaldırıb.
Məhkəmə vəsatəti rədd edib.
Prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, E.Qəhrəmanın cinayətinin məhkəmə istintaqı zamanı şahid ifadələri ilə sübuta yetirildiyini deyib və onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Proses yanvarın 11-də davam etdiriləcək.