Prokuror Cavid Hüseynova 4 il iş istədi

Futbolçunun məhkəmə istintaqı yekunlaşdı

Source:


Futbolçunun məhkəmə istintaqı yekunlaşdı

Mayın 11-də Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin prosesi izləyən əməkdaşının məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda şahid qismində ifadə verən Aydın Mahmudov bildirib ki, Cavid Hüseynov Səbuhi Səfiyarlı ilə birlikdə xəstəxanaya, Rasim Əliyevin yanına gəlib: “Cavid Rasimə dedi ki, sən niyə ora getdin? Biz danışıb, məsələni yoluna qoymuşduq axı. Rasim də dedi ki, sən zəng edəndən sonra qohumun zəng etdi. Mən nə bilim sənin xəbərin yoxdur?! Mən də Səbuhi ilə danışdım, dedim ki, dəyən ziyanı ödəsinlər və Rasimin telefonu ilə pul qabısını da qaytarsınlar. Cavid Rasimə deməyib ki, sən şikayət etmə, mən dəymiş ziyanı ödəyəcəm. Belə bir söhbət olmayıb”.

Prosesdə hakim məhkəmə istintaqının yekunlaşmasını müzakiyə çıxarıb. Tərəflər buna etiraz etməyib. Prokuror çıxışında C. Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Adəm Məmmədov isə çıxışa hazır olmadığını deyib. Məhkəmə prosesi mayın 16-da davam edəcək.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.

Ana səhifəXəbərlərProkuror Cavid Hüseynova 4 il iş istədi