Prokuror Bayram Məmmədova 10 il 6 ay həbs cəzası istədi

Bu gün həbsdə olan NİDA üzvü Bayram Məmmədovun məhkəməsi keçirilib

Source:

Bu gün həbsdə olan NİDA üzvü Bayram Məmmədovun məhkəməsi keçirilib.

Prosesdə prokuror B.Məmmədova cəza tələb edib. O, təqsirləndirilən şəxsin 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasdan öncə B.Məmmədovun vəkili Elçin Sadıqov bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını istəyib. Deyib ki, protokolların bir neçəsində vəkilin imzası yoxdur, bu baxımdan, etibarlı sayıla bilməz. Maddi sübutların götürülməsi protokoluna şəkil əlavə olunmayıb.

B.Məmmədov özü isə məhkəməni izləməyə gələnlərin hamısının zala buraxılmamasına etiraz edib. Məhkəmə prosesinə sədrlik edən Eynulla Vəliyev deyib ki, zala kimlərinsə buraxılması onun səlahiyyətinə aid məsələ deyil:

“Mən bura heç kimi dəvət eləmirəm”.

“Bəs necə olur, zaldan çıxarmaq sənin səlahiyyətində olur?”, – deyən gənc fəal arxasını hakimlərə çevirməklə etirazını ifadə edib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub və dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edib. B.Məmmədova verilmiş narkotik ittihamının məhkəmədə də sübuta yetirildiyini söyləyən prokuror ona 10 il 6 ay cəza kəsilməsini təklif edib.

Prokurorun bu çıxışına B.Məmmədov “yeni rekord” replikası ilə reaksiya verib.

Dekabrın 9-da keçiriləcək növbəti məhkəmə iclasında vəkil Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edəcək.

Mayın 12-də Xətai rayon Məhkəməsi Bayram Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O və digər ictimai fəal Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) ittiham olunurlar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovun üzərindən 2,904 qram, evindən 1 kiloqram 150 qram, Q.İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən isə 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Hər iki gənc fəalın sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı ehtimal edilir.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.

Bayram Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən işgəncələrə məruz qaldığını deyir.

Hər iki gənci “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı siyasi məhbus kimi tanıyıb.

Ana səhifəXəbərlərProkuror Bayram Məmmədova 10 il 6 ay həbs cəzası istədi