Rəsul Baxşəliyev özünü qismən təqsirli bilir
1992-2021-ci illərdə müxtəlif tibb müəssisələrində baş həkim olmuş 85 yaşlı Rəsul Baxşəliyev 629 min manatlıq yeyintidə ittiham olunur. Qaradağ rayonu, Sahil qəsəbəsindəki 23 nömrəli Birəşmiş Şəhər Xəstəxanasının baş həkimi olmuş Rəsul Baxşəliyev müavini Zinyət İsmayılova, başqa bir həkim Afət İbrahimova, sürücüsü Əli Əliyevlə birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyilə baxılır.
İttihama əsasən, onlarla adamın adı işçi kimi rəsmiləşsə də, maaş kartı Zinyət İsmayılovada olub. Maaş vaxtı gələndə İsmayılova, yaxud İbrahimova, Əliyev gedib bankomatdan pulu çıxarıb və gətirib, baş həkimə verib. Həmin vəsaitlərin bir hissəsi də onların özünə çatıb. Adı işçi kimi rəsmiləşmiş şəxslərə isə faydası bu olub ki, onlara staj yazılıb.
Artıq məhkəmə istintaqı başa çatıb. Prokuror təqsirləndirilən şəxslərdən Rəsul Baxşəliyevə 11 il, Zinyət İsmayılovaya 10 il 6 ay, Afət İbrahimovaya 8 il, Əli Əliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilməsini, onların məhkəmə zalından həbs olunmasını təklif edib.
Məhkəmədə Rəsul Baxəliyev özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, 2009-2021-ci illərdə kartlardan çıxarılmış vəsaitlərin məbləği 629 min manat olmayıb:
“Məbləğlə razı deyiləm, o qədər olmayıb”.
O, həm də bu işi təkbaşına görmədiyini vurğulayıb: “Mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm”.
Rəsul Baxşəliyev əməlindən peşman olduğunu əlavə edib.
Zinyət İsmayılova özünü qismən təqsirli bildiyini vurğulayıb. O bildirib ki, verilən göstərişləri yerinə yetirib. Onun sözlərinə görə, kartlar təqdim olunub, o da gedib çıxarıb, gətirib pulları təhvil verib.
Afət İbrahimova da özünü qismən təqsirli bildiyini deyib. O isə özündə olan bir neçə kartdan çıxardığı pulları baş həkimin müavininə verdiyini söyləyib.
Bağban-sürücü Əli Əliyev isə ümumiyyətlə, özünü təqsirli bilmir.
“Mən sadəcə, sürücü işləmişəm, nə pul görmüşəm, nə də pul yemişəm”, – Əli Əliyev bildirib.
Aprelin 28-də məhkəmə prosesində Rəsul Baxşəliyevin vəkili bildirib ki, cinayət işi üzrə dəymiş ziyan kimi göstərilən məbləğdən 300 min manatdan çox vəsait ödənilib:
“Rəsul Baxşəliyevin nəyi varsa, ödəyib. Heç nəyi qalmayıb”.
Bu iş üzrə məhkəmə prosesi mayın 12-də davam edəcək.