***
Bu gün səhər saat 11-də Lütfi Zadənin nəşini meyitxanaya yerləşdirdilər. Onun Bakıya gətirilməsi üçün sənədləşmə təqribən 7-10 gün çəkəcək. Alimin nəşinin Azərbaycana gətirilməsi Meyitxana xidməti ilə həyata keçiriləcək”.
Bu barədə APA-ya Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.
Onun sözlərinə görə, Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi təqribən 16-17 sentyabra gözlənilir: “Sentyabr ayının 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 97 yaşında dünyasını dəyişdi. Bütün bu 2 ayı mən onun yanında olmuşam, bir övlad kimi qayğı göstərmişəm. O, sentyabrın 5-ə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Lütfi Zadə danışmadı və bu gün rahat, ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, müsəlman qaydası ilə, meyit namazı qılınmaqla basdırılsın”.
Ş. Şahbazova Lütfi Zadənin Azərbaycanda dəfn olunması ilə bağlı vəsiyyətnaməsinin onda olduğunu, bununla bağlı artıq Azərbaycan hökuməti ilə əlaqə saxlanıldığını da bildirib.
***
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir
Sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə vəfat edib.
Bu barədə məlumatı AZƏRTAC-a Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.
“Avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub”,-deyə AZƏRTAC yazıb.
Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Son vaxtlara kimi L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.