Professor Douelin başı

Atam dedi ki, sənə yeni bədən nəql etdirəcəm…

Source:

2017-ci ilin dekabr ayında İtalyan cərrah Sergio Kanaveron Rusiyada yaşayan və irsi Verdniq-Hoffman xəstəliyindən əziyyət çəkən 30 yaşlı kompüter mütəxəssisi Valeriy Spiridonovun baş nəqli əməliyyatını həyata keçirəcək. Bu tarixdə ilk dəfə baş verəcək. Çinli cərrah Ren Xiaoping, bu riskli əməliyyatda Sergio Canaveroya köməkçi olmağa razılaşıb.

Bu xəbəri eşidəndə rus yazıçısı Aleksandr Belyayevin fantastik janrda qələmə aldığı “Professor Douelin başı” əsəri gözümün önünə gəldi. Həmin povestdə müəlliminin başını yenidən dirildən, onun ağlını özünü xidmət etməyə məcbur edən və bu yolla şöhrətlənmək istəyən doktor Kernin insanlığa uyuşmayan əməllərindən danışılır.

Fantastika sevənlər üçün ideal əsər sayılan “Professor Douelin başı” kitabını 2014-cü ildə Krımda müalicədə olarkən oxumuşdum. Mütaliə vaxtlarım çox vaxt sanatoriyada prosedurlar qəbul etdiyim zamanlara düşürdü. Kitabı oxuduqca qəribə hisslər keçirirdim. Əsərdə təsvir olunmuş xəstəxana, təcrübə otaqları müalicə aldığım sanatoriyanın otaqlarına çox oxşayırdı. Həmin vaxt aldığım müalicələrin təsiri məndə psixoloji həssaslıq yaratdığı üçün əsərdəki qorxulu məqamları daha qabarıq qəbul edirdim.

Dəhlizdə bir küncdə dayanıb, kitaba elə bağlanmışdım ki, növbəti prosedur üçün təlimçilər adımı bir neçə dəfə təkrarlamalı olurdular. Hətta bəzən anidən başımı qaldırıb, ətrafıma baxanda yanımdan keçən ağ xalatlı yaşlı həkimləri görəndə təşvişə düşürdüm. Bir anlıq özümü sanki əsərin içində hiss edir, oradakı pis xarakterə malik həkimi yanımdan ötən həkimlərə bənzədirdim.

Ordakı həyacanverici süjet xətti və hadisələr mənə keçirdiyim qəzadan sonra ağır reanimasiyadakı vəziyyətimi xatırladırdı. O vaxt vəziyyətim o qədər ağır idi ki, eyni professor Douel kimi ancaq başımı tərpədə bilirdim. Douelin başını həyatda saxlamaq üçün ona qoşulan silindir borulardan mənim də burnuma, boğazıma salmışdılar. Burnumdakı zond vasitəsi ilə mədəmə horra halında yeməklər ötürürdülər.

Boğazımdakı boru isə süni nəfəs aparatı idi. Həmin ərəfədə mən də professor Douel kimi danışa bilmirdim. Professorun mənəvi ağrılarını oxuduqca o günləri xatırlayır, əziyyət çəkirdim. Professora və oradakı digər pasiyentlərə xidmət edən həkim, assistent Loran mənə reanimasiyadakı tibb bacıları kimi xidmət edirdi.

Əsərdə qəza nəticəsində həlak olmuş fəhlə Toma Buş və silahlı atışma nəticəsində öldürülən bar müğənnisi Brikenin başları professor Kern tərəfindən dirildilir. Deməli, orada bir neçə xüsusi məqamlar var ki, mənə ağır reanimasiyadakı hadisələri xatırladır. Səhərlər mənim əl-üzümü yuyarkən toxunuşlardan, süngərdən və sudan aldığım ləzzət… Toma Buşun (Toma Buşun başının) da səhərlər yuyunarkən həmin duyğuları yaşaması məni həmin illərə yenidən qaytardı.

Mən də həmin aciz başlar kimi heç nə edə bilmirdim. Brike kimi tibb bacılarından xahiş edirdim ki, güzgünü üzümə tutsunlar, saçımı darayıb, qaydaya salsınlar. Əllərim sözümə baxmırdı, gücüm-heyim yox idi. Eyni həmin personajlar kimi özümü bədənsiz baş kimi hiss edirdim.

Süni nəfəs aparatında olduğum üçün danışa bilmirdim. Əsərdə xüsusi kran var ki, həmin kranın açılıb-bağlanması başların danışıq yollarını açıb-bağlamağa xidmət edir. Kranı açarkən başlar danışa bilir, bağlayarkən isə əksinə danışıqdan məhrum olurlar. Mən 23 gün belə vəziyyətdə olmuşam. Oradakı başlardan fərqli olaraq mənim danışmam üçün hansısa həkimin, tibb bacısının iradəsi və istəyi ilə hansısa kran açılıb-bağlanmırdı.

Bu hal davamlı oldu, taa o günə kimi ki, mən mübarizə apararaq, sərasər nəfəs məşqləri ilə süni nəfəs aparatından qurtulana qədər. Ona qədər tibbi personaj məni dodaq jestikası ilə başa düşürdü. Sanki sudan çıxarılıb quruya atılmış balıq idim. Dodaqlarım son nəfəsini verən balıqların əsnəməyini təqlid edirmiş kimi açılıb-yumulurdu. Danışmaq, nəfəs almaq necə də qiymətli nemətlərdir. O halıma qədər mənə bəxş olunmuş bu qədər gözəl nemətlərin dəyərini layiqincə anlamamışdım. Doğrudan da, insan bir şeyin dəyərini onu itirərkən daha yaxşı anlayır.

Əsərin ən maraqlı yerlərindən biri – professor Kern Brikeyə yeni bədən tabıb, nəql edir və əməliyyat uğurla başa çatır. Brike öz yeni bədənini yavaş-yavaş idarə etməyə başlayır və sonra sərbəst, heç nə olmamış kimi hərəkətləri bərpa olur. Ardını yazmayacam ki, kitabsevərlərin marağını öldürməyim.

Gələn il baş tutması planlaşdırılan əməliyyat uğurla sonuclansa, bu yer üzündə baş tutan misli görünməmiş möhtəşəm bir nəticə sayılacaq. Təsəvvürü belə insana qeyri-adi və qəribə gələn əməliyyat elmdə və tibbdə super yenilik olacaq. Başdan ayrılan bədən, onun yeni bədənə “tikilməsi”, damarların, digər orqanların həssaslıqla birləşdirilməsi və ən əsası insanın yaşam və hərəkət nüvəsi hesab olunan onurğa beyninin bir başqa başa calanması – bunlar hamısı adama fantastik gəlir.

Hər halda əməliyyatı gözləməkdən savayı əlimizdən hələ ki, bir şey gəlmir. Arzu edirəm ki, bu fantastik əməliyyat uğurla nəticələnib, reallıq sırasına daxil olsun. Atam mənə zarafatla deyir ki, “alınsa, sən də gedib, başına yeni bədən nəql etdirərsən.”

Bəhs etdiyim bu əsəri Aleksandr öz həyat yoldaşı Marqarita Konstantinovna Belyayevaya həsr edib. Povest ilk dəfə 1925-ci ildə “İşçi qəzeti”ndə çap edilib. Kitabda professor Kerrinin cinayəti və ona elmi inqilabda kömək etməyə məcbur olan professor Douelin ölmüş bədəninin başı ilə mübarizəsindən bəhs edilir. O, Douelin başına can verərək sanki onu yaşadır. Kerrinin arsızlığı qarşısında Douelin başı ona təslim olmur, ona verilən zülmlər qarşısında Kerrinin hiylələrini dəf edir.

Əsəri hər kəsə oxumağı tövsiyyə edirəm.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəProfessor Douelin başı