Problemlər məngənəsində olan kənd: qrunt suları, qaz, yol…

““Mənim evimə qaz çəkmək üçün pul istəyirlər, 800 manat”

Source: Foto: Meydan TV


Xəlfəli kəndinin sakinləri qayğısızlıqdan gileylidir

Sabirabadın Xəlfəli kəndinin sakinləri sosial problemlərin məngənəsində sıxılır. Qrunt suları böyük zərər vurur, əhali çətin dolanır, istilik qayğıları var.


“Qrunt suları hər şeyi məhv edir”

Kənd sakinləri içməli su problemini birtəhər həll edir. Amma sahəni suvarmağa su çatmır. Bu haqda danışan Murad Ədilov deyir ki, qrunt suları təsərrüfata böyük ziyan vurur. Demək olar, hər şeyi məhv edir.

“Dövlət qazıb kollektoru təmizləməlidir. Kəndin bütün zir-zibili yığılıb. Yaman gündədir. Yeraltı drenajlar olur, suyu çəkib aparır. Onlar bərbad vəziyyətdədir. Qazılması, onların yenidən bərpası lazımdır. Ona da baxan yoxdur. Dolub zir-zibillə. Bitkiyə zərərlidir o sular”, – kənd sakini belə deyir.

Kollektorlar vaxtında təmizlənmədiyindən su axıb getmir. Suyun səviyyəsinin artması isə evlərə zərər vurur. Çiy kərpicdən tikilən evlər çox davam gətirmir. Divarlar uçur, evlər sıradan çıxır.

“Bələdiyyənin adı var. Bu gün heç bilmirik ki, kimdir bizim bələdiyyə. Keçmiş bələdiyyənin evi o kollektorun üstündə yerləşir. Əslində, məmurlara, icra nümayəndəsinə nəsə deməyə ehtiyac yoxdur. Göz önündədir, hamısı da görür. Qrunt sularının səviyyəsi çox yüksəkdir. Bir metr qazırsan, su çıxır. Köhnə palçıq evlərdir, suya görə uçub-dağılır. Bu sular əkinçiliyə də çox ciddi ziyandır. Ağacdır, əkirsən, gedib dirənir. Bitki əmələ gəlmir. Ağacın kökü qrunt suyuna çatdı, avtomatik yanır. Qrunt suyunun səviyyəsi qalxdıqca, yerin tərkibi ölür”, – Murad Ədilov danışır.

image_from_ios (6).jpg
Murad Ədilov


“Evləri qızdırmaq olmur”

Xəlfəlilərin problemi çoxdur. İnsanlar işsizlikdən ciddi əziyyət çəkir, ən xırda sosial qayğıların qarşısında aciz qaldıqlarını deyirlər. Qışda problemlər lap çoxalır. Kəndin ara yolları o qədər yararsızdır ki, piyada gəzmək mümkün deyil. Kənd sakinləri deyir ki, büdcədən bunun üçün pul da ayrılıb. Ortada iş, müsbət nəticə yoxdur.

Kənd sakini Rahib Əliyev və daha bir neçə nəfər kəndin yollarıyla əlaqədar müxtəlif dövlət orqanlarına şikayət ediblər. Əsas küçəyə az-çox əl gəzdirilsə də, ara küçələr görkəmini dəyişməyib.

Kənd camaatının ümidi daha çox əkinçiliyədir. Amma ortaya çıxan maddi, sosial problemlərə görə əkin-biçinlə məşğul olmağa çətinlik çəkirlər.

“Onsuz da qışdır, qayğılar həddindən artıq çoxalıb. Evləri qızdırmaq olmur”. Bunu kənddə az qala hamıdan eşitmək mümkündür. Qazın təzyiq çox aşağı düşüb. Xüsusilə yanvarda vəziyyət qəlizləşib: “Qaz var, amma təzyiq o qədər aşağıdır ki… Bir çaydan neçə saata qaynayır. Təzyiq aşağı olduğundan hamamı da yandırmaq olmur. Evlərdə də körpə var, uşaq var…”

image_from_ios (7).jpg
Rahib Əliyev

Kənd sakini Əzizbikə Qarayeva isə danışır ki, onun evində ümumiyyətlə, qaz yoxdur. Qızı və nəvəsi ilə birlikdə yaşayan qadın çox əziyyət çəkdiklərini deyir. Nəvəsinin 8 yaşı var: “Bumbuz otaqda yatıb-dururuq”.

Qaz çəkiləndə Əzizbikə Qarayevanın indi yaşadığı ev olmayıb. İndi qaz xətti evin 50 metrliyindən keçir. Amma əsas borudan evinə qaz çəkdirə bilmir: “Mənim evimə qaz çəkmək üçün pul istəyirlər, 800 manat. Mənim də buna gücüm çatmır. İş yoxdur ki, işləyim. Qazsız, istiliksiz ev olar?! Bir odun sobası var, hamımız yığışırıq onun başına. Odunu da tapıb çatdırmaq olmur axı…”

Sabirabad Rayon İcra Hakimiyyətindən deyirlər ki, Xəlfəli kəndinin yolları ilə bağlı problemlərdən xəbərdardılar və həlli nəzərdə tutulub:

“Vətəndaşlar hansı problemlə üz tutursa, onun həllinə çalışırıq. İcra hakimiyyəti yol, qaz çəkmir, ancaq şikayət olduqda əlaqədar qurumlara çatdırılır və problemin həllinə çalışılır”.

“Azəriqaz” İstehsalat Birliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

image_from_ios (4).jpg
“İndi qaz xətti evin 50 metrliyindən keçir”
image_from_ios (8).jpg
Kənd sakini Əzizbikə Qarayeva isə danışır ki, onun evində ümumiyyətlə, qaz yoxdur.
Ana səhifəBölgəProblemlər məngənəsində olan kənd: qrunt suları, qaz, yol…