Prezidentlər Cenevrədə görüşdü

Rauf Mirqədirov: ”Bu görüşdən nəsə gözləmək sadəlövhlükdür”

Source:


 Rauf Mirqədirov: ”Bu görüşdən nəsə gözləmək sadəlövhlükdür”

Oktyabrın 16-da Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

“Azərtac” yazır ki, görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Prezidentlər Cenevrədə qeyri-rəsmi şəkildə də görüşüblər, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan “Twitter” səhifəsində yazıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb.

Azərbaycan XİN-in yaydığı bəyanatda bildirilir ki, görüş konstruktiv mühitdə keçib:

“Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”.

Prezidentlər sonuncu dəfə 2016-cı ilin 21 iyununda Sankt-Peterburqda görüşüblər.

Cenevrə görüşündən nəticə gözləməyi sadəlöhvlük hesab edən  mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, vasitəçilər daha çox danışıqlar prosesinin bərpasına çalışırdılar və bu, onlar üçün əsas məsələ idi:

“Danışıqların bərpası qarşılıqlı münasibətlərdə gərginliyi müəyyən qədər azaldır. Onsuz da vasitəçi dövlətlər arasında gərginlik nöqtələri var. Məsələn, ABŞ-Rusiya, Avropa Birliyi-Rusiya münasibətlərini göstərmək olar. Belə olanda yeni gərginlik ocağınınm yaradılması vasitəçilərin maraqlarına cavab vermir. Ermənistan-Azərbaycan arasındakı gərginlik isə iki halda artır: ya danışıqlar tamamilə dayandırıldıqda, ikinci isə tərəflərdən münaqişənin həlli istiqamətində koordinal addım atmaq tələb edildikdə. Gərginliyin artmasının əsas səbəbi siyasi konyukturaya bağlı olur. Siyasi konyuktura o zaman ortaya atılır ki, tərəflərə təqdim olunan təkliflərdə həll yolu məqbul olmur, bu isə maraqlarla bağlı olur”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

R.Mirqədirov düşünür ki, indiki halda münaqişənin həlli ilə bağlı ciddi dönüşdən söhbət gedə bilməz.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ana səhifəXəbərlərPrezidentlər Cenevrədə görüşdü