Prezidentlər bu ayın sonu ABŞ-da görüşə bilər

Elxan Şahinoğlunun fikrincə, Vaşinqtonun vasitəçilik təşəbbüsü Azərbaycanın maraqlarına cavab verir

Source:
Serj Sarqsyan və İlham Əliyev
Serj Sarqsyan və İlham Əliyev


Elxan Şahinoğlunun fikrincə, Vaşinqtonun vasitəçilik təşəbbüsü Azərbaycanın maraqlarına cavab verir

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

APA Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən bu barədə məlumat yayıb.

Qəzet diplomatik mənbəyə əsaslanaraq bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

Bu barədə Meydan TV-nin sorğusuna cavab verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin hər ikisi Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi konfransına qatılırsa, demək amerikalı diplomatlar dövlət başçılarını görüşdürmək fürsətini əldən vermək istəməzlər: “Əslində, Minsk Qrupu həmsədrləri içərisində ən passivi Amerikadır. Rusiya və Fransa nəsə təşəbbüs göstərir, Azərbaycan və Ermənistan prezidentlərini ara-sıra görüşdürürlər. Doğrudur, bu görüşlərdən nəticə çıxmır, ancaq Moskva və Paris bu görüşlərlə ən azı təşəbbüsün onların əllərində olduqlarını nümayiş etdirirlər. Bu onlara Cənubi Qafqazda xüsusi marağı olan ölkə statusunu itirməmək baxımından da vacibdir”.

Siyasi şərhçi düşünür ki, Barak Obama Cənubi Qafqaza xüsusi maraq göstərmir, Fransa və Rusiya prezidentlərindən fərqli olaraq Ağ Ev sahibi 8 ildə bir dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə vasitəçilik etməyib. Ona görə də Vaşinqtondakı nüvə təhlükəsizliyi konfransında Barak Obama administrasiyası üçün imkan yaranır ki, Azərbaycan və Ermənistan prezidentləri ilə ortaqlaşa fikir mübadiləsi aparsınlar. Əlbəttə, böyük ehtimalla bu görüşdən də nəticə çıxmayacaq. Ancaq hər halda Vaşinqton bununla vasitəşilik yarışında Moskva və Parisdən geri qalmadığını nümayiş etdirəcək.

Şahinoğlunun fikrincə, Vaşinqtonun vasitəçilik təşəbbüsü Azərbaycanın maraqlarına cavab verir: “Çünki, məhz amerikalı diplomatlar son zamanlar münaqişənin həllində Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması vaciblyini dilə gətirirlər. Bu həmin diplomatların öz şəxsi fikirləri deyil, Dövlət Departamentinin yeni strategiyasının tərkib hissəsidir. Bu səbəbdən rəsmi Bakı Vaşiqntonun münaqişənin həllində fəallaşma çabalarını dəstəkləməlidir”.

Ana səhifəXəbərlərPrezidentlər bu ayın sonu ABŞ-da görüşə bilər