Məlum olub ki, 47 yaşlı Aydın Kərimovun Londondakı şirkəti Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə məxsus şirkətlə eyni ünvanda yerləşir.
Prezident İlham Əliyev yanvarın 27-də Şuşa şəhərinə xüsusi nümayəndəsini təyin edib. Bu, Aydın Kərimovdur.
Xüsusi nümayəndəlik institutu yenidir. Yanvarın 19-da imzalanmış fərmana əsasən, o, işğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa və yenidənqurma işlərini sürətləndirmək, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətini gücləndirmək, habelə idarəetmədə çevikliyi və səmərəliliyin artırmaq məqsədilə yaradılıb.
Bəs Şuşanın bərpası işinə rəhbərlik etmək həvalə olunmuş Aydın Zöhrab oğlu Kərimov kimdir?
Son təyinatadək Aydın Kərimov haqqında açıq mənbələrdə onun Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşavirlərindən biri olduğu barədə məlumat var. Elə “Linkedin”
hesabında
da o, özü barədə yalnız
“Caspian Marine Ltd.”
şirkətinin direktoru olmağından savayı məlumat vermir. Hakimiyyətə yaxınlığı ilə tanınan “haqqin.az” portalı onun barəsində bir qədər geniş informasiya yayıb. Deyilir ki, 1974-cü il təvəllüdlü Aydın Kərimov Bakı dəniz limanında, "Bakı Ağ Şəhər" layihəsində çalışıb. Necə, nə vaxt – bu təfərrüatlara varılmır.
Aydın məsələdir ki, bu məhdud informasiya prezidentin Şuşadakı xüsusi nümayəndəsinin portretini tam əks etdirmir. Jurnalist təhqiqatı ilə müəyyən olunub ki, Aydın Kərimov 2020-ci ilədək biznesdə özünü təkcə Bakıda deyil, London və İstanbulda da sınayıb.
Aydın Kərimov
“AFEA International LLP”
məhdud məsuliyyətli partnyorluğunun iki qurucusundan biridir. Gəmi təchizatı sahəsində işləyən şirkət 2012-ci ilin fevralında 1977-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fərəh Məmmədovanın iştirakı ilə yaradılıb. Bir il sonra fevralın 28-də şirkətin qurucularının 1 milyon 378,7 min avro qazancı vardı. Bu məbləğin 42,2 min avroluq hissəsi investisiya fəaliyyətindən əldə olunmuşdu. Növbəti il şirkətin dövriyyəsi 3,5 milyon avrodan 0,5 milyon avroya düşmüşdü. 2013-cü il ərzində onun inzibati xərcləri 1 milyon avronu aşdığına görə yarım milyon avrodan çox zərər etdi. 2015-cü ilin fevral ayının sonuna Aydın Kərimov və Fərəh Məmmədovanın “AFEA International LLP” şirkətində 864 675 avro pulu vardı. Həmin ilin noyabrında partnyorlar şirkətin könüllü ləğvi haqda qərar verirlər. Proses 5 il çəkir və 2020-ci ilin oktyabrın 7-də Qarabağda mübaribənin ən qızğın çağında başa çatır.
Britaniyadakı şirkət Londonda
25 Bruton Lane
ünvanında, dördmərtəbəli iş mərkəzindəki
ofislərdən
birində yerləşib. Bu binada həm də Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş İdarə Heyətinin sədrinə məxsus “Berkley Business Limited”
şirkəti
, eləcə də onun kompanyonu olmuş işadamı Xaqani Bəşirovun çoxsaylı şirkətləri qeydiyyatdadır.
İstanbulda 2017-ci ilin martında yaradılan
“Socius Consulting Ticari Danışmanlık Limited”
şirkətinin səhmlərinin bir hissəsini Aydın Kərimov bir ay sonra daha iki ortağı ilə birlikdə Türkiyədə bir neçə gəmiçilik şirkətinin sahibi Rəsul Həsənovdan satın
alıb
.
Rəsul Həsənov
Türkiyədə və başqa xarici sularda çoxsaylı gəmiləri ilə yük daşımaları xidməti göstərən işadamı olması onun 2014-cü ildə yaradılan Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin direktoru təyin edilməsinə mane olmayıb. Biznes məsləhət xidmətləri göstərən şirkətin yeni ortaqları arasında Bakıdakı Avropa sərmayəli “Accessbank” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov da vardı. İki il sonra şəriklər şirkətin qapanmasına qərar verdilər.
Aydın Kərimovun İstanbulda, Kadıköydə vergi ödəyicisi nömrəsi (5240657253) hələ aktivdir.
Lakin Aydın Kərimovun biznesi əsasən Bakıda cəmləşib. O,
“Kaspian Marin”
MMC (yaranma tarixi – aprel, 2007) və
“Fortis Limited”
MMC-nin
(noyabr, 2016)
faktiki direktorudur.
2009-cu ilin sentyabrında Aydın Kərimov Tofiq Gurbanoviç Qurbanovla
“Bakı Marin Servis”
MMC-nin yaradıb. Tofiq Qurbanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının texniki şöbəsinin
rəisidir
.
“Kaspian Marin” MMC kimi
“Kaspian İnvest Ltd”
MMC də Aydın Kərimovun Türkiyə Ticarət Reyestrində əksini tapan Bakıdakı mənzilində – M.K.Atatürk prospekti, 23/25 nömrəli çoxmənzilli evdə qeydiyyata alınıb. BMT-nin Avropa İqtisadi Komissiyasının 2010-cu il üzrə məlumatlarından
birində
Aydın Kərimov “Kaspian İnvest Ltd” MMC-nin direktoru kimi təqdim olunur. 2019-cu ilədək bu şirkətə
Mehman Abbas
, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini rəhbərlik edib. Hazırda isə “Kaspian İnvest Ltd” şirkətinin direktoru
Rüfət Abasovdur
. Rüfət Abasov həm də “Bakı Marin Servis”,
“CG Caspian Group”
və
“KR Partners Customs, Finance and Legal Services”
MMC-lərə rəhbərlik edir.
“Bakı Marin Servis” şirkəti Xəzər dənizi hövzəsində yaxt və gəmiləri qaldıra bilən yeganə qurğuya sahib
olduğunu
iddia edir. Ondan gəmi təmiri işlərində istifadə olunur. Bundan başqa şirkət yaxta və qayıqların, onların ehtiyat hissələrinin satışı, gəmilərin korpusunun təmizlənməsi və rənglənməsilə məşğuldur.
Bu şirkətlərin bir çoxu (“Bakı Marin Servis”, “Kaspian Marin”, “Kaspian İnvest Ltd” və
“Caspian Events Ltd”
)
Caspian Group
“çətiri” altında birləşir. “CG Caspian Group” şirkəti 2016-cı ildə Bakıda
yaradılıb
. Onun, eləcə də “Caspian Events Ltd” şirkətinin ilk direktoru yuxarıda adını çəkdiyimiz Mehman Abbas olub. 2016-cı ildə qrupun şirkətlərindən biri Dağıstanda 300-700 hektar sahədə istixanalar kompleksi, birgə logistika mərkəzi inşa etmək, Azərbaycan Ticarət Evini açmaq planlarını elan edib.
“Kaspian İnvest Ltd.” şirkəti özəl və dövlət sektorunda müştərilərinə məsləhət, mühəndislik və investisiya məsləhət xidmətləri göstərir. O, xarici kreditlər və qrantlar hesabına icra olunan bir çox
layihəyə
(“Azərbaycan Kapital Bazarının Modernləşdirilməsi”, “Beynəlxalq Mühasibat Standartlarının (BMS) Azərbaycanda tətbiqi”, “BMS əsasında maliyyə idarəetmə sisteminin inkişafı”, “Mühasibat və qanunvericilik islahatlarının həyata keçirilməsi üçün institusional potensialın artırılması”, “Azərbaycanın nəqliyyat sektorunda Beynəlxalq Maliyyə Hesabatı Standartlarının inkişafı” və s.) cəlb olunub. Şirkətin iştirak etdiyi layihələrdən biri də “Bakı Dəniz Limanının əsas aktivlərinin vəziyyəti və və onun qiymətləndirmə təhlili” olub.
Şirkət 2008-ci ilin iyulunda Qazaxıstanın dövlətə məxsus olan Milli Dəniz Gəmiçilik Şirkəti “Kazmortransflot” Səhmdar Cəmiyyətinə 2 yedək gəmisi (
“İrtış”
və
“MB Ural”
) satıb. Hər biri 1200 at gücündə olan gəmiyə görə “Kaspian İnvest Ltd.” MMC-yə 10 milyon 565,2 min dollar ödənilib. Gəmilər Qazaxıstan şirkətinə Azov dənizində təhvil verilib. Pul isə Azərbaycan şirkətinin Latviyadakı bank hesabına ötürülüb. 2019-2020-ci illərdə Qazaxıstan bu yedək gəmilərini toplam 2 milyon 45 min dollara hərraca çıxarıb.
Aydın Kərimovun Şuşada prezidentin xüsusi nümayəndəsi təyin olunmasına qərar verilməsində onun işadamı kimi şəxsi keyfiyyətlərinin və bacarıqlarının rol oynadığı ortadadır. Uzun illərdən bəri çoxsaylı şirkətləri idarə edən, xarici bazarlara bələd olan, eləcə də dövlət qurumları ilə işləmək təcrübəsi qazanmış Aydın Kərimov üçün yeni üfiqlər açılıb: təlatümlü dəniz sularında üzən gəmilərin yelkənini üfürən küləklər indi işğaldan azad olunmuş başı dumanlı Şuşada əsəcək.